İtaliyanın Bolonya şəhərində keçirilən G-20 sammitinin Dinlərarası Dialoq Forumunda iştirak edən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İCESCO-nun baş direktoru Salim bin Məhəmməd Əl-Malik ilə görüşüb.
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan-İCESCO əlaqələrindən söhbət açılıb, baş direktorun 2021-ci yanvar ayında Azərbaycana səfəri, həmin səfər çərçivəsində müzakirə olunan məsələlərlə bağlı yenidən fikir mübadiləsi aparılıb.
Anar Kərimov İCESCO-nun baş direktorunun bu səfərinin Azərbaycan cəmiyyətində böyük rezonans doğurduğunu, İCESCO-nun 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə ölkəmizə verdiyi dəstəyin bir daha yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Eyni zamanda həmin səfər çərçivəsində razılaşdırılmış məqamların həyata keçirilməsi üçün konkret addımların atılması ilə bağlı müzakirələr aparılıb.
Salim Əl-Malik öz növbəsində Azərbaycana yüksək səviyyədə rəsmi səfərə dəvət edildiyinə və Prezident İlham Əliyev tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirib, görüşlərdə əldə olunan razılaşmaların icrası ilə bağlı İCESCO-nun artıq fəaliyyətə başladığını deyib.
Vurğulanıb ki, buraya ən vacib məqam olaraq Şuşa şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi, Azərbaycanda İCESCO-nun regional ofisinin açılması ilə bağlı məsələlərin tamamlanması, həmçinin İCESCO-da Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması kimi məsələlər daxildir.
Görüş zamanı cari ilin sonuna kimi İCESCO-nun Baş katibliyində Nizami Gəncəvi irsinə həsr olunmuş böyük beynəlxalq tədbirin təşkili, regional ofis ilə bağlı məsələlərin Azərbaycan tərəfinin təklif etdiyi məqamlara aydınlıq gətirildikdən sonra işçi qrup səviyyəsində müzakirə edilməsinə dair ümumi razılıq əldə olunub.
Eləcə də bu ilin sonunadək həm İCESCO Baş Konfransında, həm mədəniyyət nazirlərinin konfransında bu məqamlarla bağlı təqdimatların edilməsi razılaşdırılıb.
Baş direktor eyni zamanda Azərbaycan tərəfinin yeni təşəbbüsü olan "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasına öz dəstəyini ifadə edərək, 2021-ci ilin dekabr ayında keçiriləcək İCESCO Baş Konfransı çərçivəsində bu kampaniyanın geniş təqdimatının keçirilməsinə razılığını ifadə edib.