Malayziyanın nüfuzlu elmi tədqiqat nəşrlərindən olan SARE jurnalının (Southeast Asian Review of English) 56-cı cildinin 2-ci sayında ingilis dilində Azərbaycan qadın aşıq sənətinin tarixi nümayəndələrindən Aşıq Bəstiyə həsr olunmuş məqalə dərc edilib.
Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən “Report”a verilən məlumata görə, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva, Malayziya İslam İncəsənət Muzeyinin əməkdaşı, Azərbaycan mənşəli tədqiqatçı Əmin Əmirdabbaqyan və Malaya Universitetinin elmlər doktoru Krişnavanie Şunmugam tərəfindən qələmə alınmış məqalə “Sazım yardan ötrü fəryad edir” başlığı daşıyır.
Məqalədə əvvəlcə Azərbaycan folklorunun məhək daşı, Dədə Qorqud yadigarı olan aşıq sənətinin əsas xüsusiyyətləri barədə geniş məlumat verilir. Sonra 19-cu əsrə məxsus Azərbaycan qadın aşıqlarının görkəmli təmsilçilərindən olan Aşıq Bəstinin həyat və yaradıcılığından bəhs edilir, onun ifaçılıq və poetik istedadı barədə vacib qeydlər təqdim olunur. Həmçinin Aşıq Bəstinin timsalında Azərbaycan qadınının yüksək keyfiyyətləri, onun nəcibliyi, oxşarsız qabiliyyəti, eləcə də tarixən cəmiyyətdə özünü ifadəetmə azadlığı və ona göstərilən ehtiram oxucuların diqqətinə çatdırılır. Bu səpkidə müəlliflər Aşıq Bəstinin hələ 19-cu əsrdə Azərbaycandakı qadın emansipasiyasının uğurlu nümunələrindən biri olduğuna və həmin dövrdə bunun müsəlman şərqi üçün inqilabi göstərici sayıldığına işarə edərək, xalqımızın tərəqqipərvər xüsusiyyətləri barədə məlumat verirlər.
Məqalənin növbəti səhifələrində Aşıq Bəstinin şeirlərindən ingilis dilinə tərcümə edilmiş çoxsaylı seçmələr təqdim olunur.
Azərbaycan Respublikasının Malayziyadakı səfiri Qaley Allahverdiyev milli aşıq sənətimizin Malayziyanın elmi-publisistik nəşrlərində təqdim olunmasını təqdirəlayiq addım kimi qiymətəndirərək, müəlliflərə yeni-yeni nailiyyətlər arzulayıb. O, Azərbaycan Respublikasının Prezidenti
Qeyd edək ki, SARE jurnalı Malayziyanın ilk ali təhsil ocağı kimi tarixə düşmüş nüfuzlu Malaya Universitetinin dövri-elmi nəşridir. Öz növbəsində Malaya Universiteti beynəlxalq reytinq təşkilatları tərəfindən dünyanın ilk 100 universiteti arasında göstərilir.