Bakı. 28 noyabr. REPORT.AZ/ Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Belçika və Lüksemburqdakı səfirliyinin dəstəyi ilə Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılış mərasimi keçirilib.
Bu barədə "Report"a Azərbaycan XİN mətbuat xidmətindən məlumat verilib.
İnformasiya bürosunun açılmasında əsas məqsəd Azərbaycan mədəniyyətinin, eyni zamanda Qarabağla bağlı həqiqətlərin Lüksemburqda, eləcə də bütün Avropada daha geniş kütləyə tanıdılmasıdır.
Tədbirdə Lüksemburqda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, ictimai-siyasi xadimlər, Lüksemburq Xarici İşlər Nazirliyinin baş katibinin müavini Leo Faber, Lüksemburqun digər dövlət qurumlarının nümayəndələri və Azərbaycan diasporunun nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.
İnformasiya bürosu və həmçinin onun tərkibinə daxil olan sərgi zalı vasitəsilə Azərbaycan, eləcə də onun işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə bağlı tarixi, mədəni, turistik məlumatların yerli əhaliyə çatdırılması, mütəmadi şəkildə müvafiq tədbirlərin təşkili nəzərdə tutulur.