Aprelin 9-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakıdakı qərargahında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib.
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Qırğız Respublikasının mədəniyyət, informasiya idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və digər qonaqlar iştirak ediblər.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq təqdimatı keçirilən kitabın məziyyətlərindən söz açıb. Bildirib ki, Leyla Əliyeva gənc olmasına baxmayaraq, çoxşaxəli istedada malik insandır. O, gözəl, səmimi, romantik, incə ruhlu şeirlərin müəllifi, maraqlı rəssamdır. Onun bir çox rəsmləri sərgilərdə nümayiş olunub. Leyla Əliyeva Azərbaycanın ictimai həyatında özünəməxsus yer tutur. Bunların hamısını birləşdirsək deyə bilərik ki, o, incə bir ürəyin sahibidir və bu, onun şeirlərində də hiss olunur.
Günay Əfəndiyeva kitabın Qırğız Respublikasında da çap olunduğunu söyləyib. Nəşr qırğız oxucusunu müasir Azərbaycan poeziyasının nümunələri ilə tanış edir. Fondun da bu səpkidə fəaliyyəti iki xalqı bir-birinə yaxın etməkdən ibarətdir.
Mədəniyyət naziri Anar Kərimov çıxışında qeyd edib ki, Leyla Əliyevanın müraciət etdiyi həssas mövzular və onun bədii təxəyyülü oxucusunu duyğulandırır, eyni zamanda, düşündürür. Leyla Əliyevanın yaradıcılığında əsl Azərbaycan qadınının, əsl türk xanımının duyğuları, hissləri, emosiyası müşahidə olunur.
Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib və bu, təkcə ölkəmiz üçün deyil, bütün türkdilli xalqlar da daxil olmaqla, dünya ədəbi irsi ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Çünki dahi Nizaminin yaradıcılığı türk-islam bədii təxəyyülünün ən parlaq nümunələrindən hesab olunur. Qeyd edilib ki, ötən ay Mədəniyyət Nazirliyi nümayəndə heyətinin iştirakı ilə Ankarada – TÜRKSOY-un qərargahında, həmçinin İstanbul şəhərində dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illik yubileyinə həsr olunan tədbirlər təşkil edilib. Türk dövlətlərində, xüsusən də beynəlxalq təşkilatlar çərçivəsində bu cür tədbirlərin təşkili ortaq mədəni-mənəvi dəyərlərimizin təbliği baxımından müstəsna əhəmiyyət daşıyır.
“Türk xalqlarının ortaq mədəni-mənəvi dəyərlərinin qorunub saxlanması və geniş miqyasda tanıdılması sahəsində yarandığı vaxtdan etibarən TÜRKSOY-un böyük əməyi olub. Türk Mədəniyyəti və İrsi Fondu da öz tərəfindən qısa zaman ərzində türk dünyasının mədəniyyətini, zəngin tarixini, milli-mənəvi dəyərlərini təbliğ edən müxtəlif layihələrə imzalar atıb”, - Anar Kərimov vurğulayıb.
Qırğız Respublikasının mədəniyyət, informasiya idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev deyib: “Leyla Əliyeva qələmə aldığı hər mövzuya özünəməxsus şair baxışı ilə yanaşır, gördüklərini azad baxışlarla poeziyaya çevirə bilir. Gənc şairə təbiətə münasibətdə həssas hisslər nümayiş etdirir, gerçəkliklə zəngin bir xəyal arasında harmoniya yaratmağı bacarır. Dünyaya şair baxışı ilə baxaraq qitələri, meşələri, dağları, çayları, gölləri adlayır, həyəcan və hisslərini ustalıqla ifadə edir, oxucu ilə səmimi ünsiyyət mühiti yaradır”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, Leyla Əliyevanın yaradıcılığına yaxından bələddir: “Şairlər olduğu kimi görünən, göründüyü kimi də olan insanlardırlar: “Göründüyün kimi ol, olduğun kimi görün” düşüncəsi Leyla Əliyevanın elə şəxsiyyətində bütövləşib. Çünki digər insanlardan fərqli olaraq, şair və ya yazıçı öz ağrı-acısı ilə bərabər başqasının da acılarını hiss edir, özünün acısı kimi içərisindən keçirir. Leyla Əliyevanın yaradıcılığı, onun ruhu onun əməllərindədir”.
Türk Şurası baş katibinin müavini Sultanbek Raev bildirib ki, Leyla Əliyevanın “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunu qırğız dilinə tanınmış şairlər tərcümə edib: “İnsana elə gəlir ki, müəllif bu kitabda Allaha müraciət edir. Çünki hər bir insan qəlbində uca Tanrının yeri olduğu üçün onun səsini eşitmək istəyir. Allahın səsi, ifadəsi ilə müəllif sanki insanlarda ən ülvi hissləri oyatmağa çalışıb”.
Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibinin müavini Əli Yıldız, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Mehriban Zəkinin və Qırğız Respublikasının Xalq artisti Tinar Abdrazayevanın ifalarında “Tanrının səsini eşitmək istəyirəm” kitabından şeirlər səsləndirilib.