Heydər Əliyev Mərkəzində Bakı Yay Caz Günləri çərçivəsində məşhur caz pianoçu Alfredo Rodriges çıxış edib.
"Report" xəbər verir ki, kubalı cazmenin Bakı konserti musiqiçinin dünya turnesi çərçivəsində baş tutub.
Konsert musiqiçilərin dinamik improvizələri və tamaşaçıların coşqulu anları ilə yadda qalıb.
Alfredo Rodriges ilk dəfə 2006-cı ildə İsveçrənin Montre şəhərində keçirilən nüfuzlu caz festivalında diqqəti özünə cəlb edib. O, buna ecazkar caz improvizasiyaları ilə nail ola bilib. Həmin vaxtdan Alfredo Rodriges sərhədsiz potensiala malik pianoçu kimi tanınmağa başlayıb.
2009-cu ildə Alfredo Rodriges Amerika Birləşmiş Ştatlarına köçür və burada - cazın vətənində onun məharəti diqqətdən kənarda qalmır. O, “caz-latın amerika musiqisi-klassika” üçbucağında aparıcı ifaçılardan birinə çevrilir.
Rodrigesə Esperansa Spolding, Makkoy Tayner, Patti Ostin, Riçard Bona, Ueyn Şorter kimi məşhur musiqiçilərlə birgə ifa etmək nəsib olur.
"Premier LTD" agentliyinin təşəbbüsü və təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilən Beynəlxalq Bakı Yay Caz Günləri iyulun 7-nədək davam edəcək.
İyulun 5-də və 7-də isə Heydər Əliyev Mərkəzinin parkında açıq hava konsertləri keçiriləcək. Parkdakı konsertlərə giriş sərbəst olacaq.