Bakı. 1 dekabr. REPORT.AZ/ Danimarkanın paytaxtı Kopenhagen şəhərində "Vətən" Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Mədəniyyəti Günü qeyd edilib.
"Report"un AzərTAc-a istinadən verdiyi xəbərə görə, artıq iki ildir Azərbaycan və türk diasporunun, Danimarka ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəyli yaradıcılığı barədə söhbət açılıb, onun əsərlərindən parçalar, musiqisi əsasında hazırlanmış rəqslər təqdim edilib.
Tədbirdə çıxış edən "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi Azərbaycandan uzaqda yaşayan həmvətənlərimizin bir araya gəlməsində belə tədbirlərin əhəmiyyətini vurğulayıb. O, rəhbərlik etdiyi cəmiyyətin Azərbaycan musiqisinin, mədəniyyətinin Danimarkada təbliği ilə bağlı həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. S.Sadiqi bütün bunların xaricdə yaşayan hər bir azərbaycanlının arxasında güclü Azərbaycan dövlətinin dayanmasının göstəricisi olduğunu deyib.
Tədbirdə çıxış edənlər hər bir millətin yaşaması üçün onun milli musiqisinin, mədəniyyətinin və adət-ənənələrinin qorunub saxlanmasının, təbliğ edilməsinin önəmindən danışıblar. Onlar müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin bənzərsiz yaradıcılığının yaşadıqları ölkədə belə sevildiyini, bu əsərlərin sərhəd tanımadığını qeyd ediblər. Danimarkada doğulub böyüyən hər bir azərbaycanlının milli musiqimizin, mədəniyyətimizin tarixi, bu günü barədə yaxşı məlumatlandırılmasının vacibliyi vurğulanıb və gələcəkdə belə tədbirlərin tez-tez keçiriləcəyi bildirilib.
Danimarkada fəaliyyət göstərən türk diasporunun rəhbəri Bahadur Güler belə tədbirlərin həm Azərbaycan, həm də türk dünyası mədəniyyətinin daha geniş təbliğinə imkan yaradacağını deyib. B.Güler qeyd edib ki, gələcəkdə belə tədbirlərin seminar və konfrans şəklində keçirilməsi daha geniş auditoriyanı mədəniyyətimizin zənginliyi ilə tanış etmək imkanı yarada bilər.