İtaliyada erməni vəhşilikləri nümayiş olunub

İtaliyada erməni vəhşilikləri nümayiş olunub Sentyabrın 2-də “Bərpa həftəsi - 2021 çərçivəsində Azərbaycanla bağlı ölkə təqdimatı təşkil olunub.
Mədəniyyət siyasəti
121
3 Sentyabr , 2021 12:11
İtaliyada erməni vəhşilikləri nümayiş olunub

Avqustun 30-dan sentyabrın 4-dək İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, İtaliya Ticarət Agentliyi (İCE) və İtaliyanın Memarlıq, İncəsənət və Şəhərlərin Bərpası Assosiasiyasının (Assorestauro) birgə təşkilatçılığı ilə İtaliyanın müxtəlif şəhərlərində “Bərpa həftəsi - 2021” çərçivəsində silsilə tədbirlər keçirilir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən "Report"a verilən məlumata görə, sözügedən tədbirlərdə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov iştirak edir. Tədbirə Azərbaycanla yanaşı Albaniya, Livan, Kuba, Səudiyyə Ərəbistanı Krallığı və İsraildən olan nümayəndə heyətləri də qatılıb.

“Bərpa həftəsi - 2021” çərçivəsində Bari şəhərinin Fiera del Levante sərgi kompleksində keçirilmiş tədbirinin açılış mərasimində Bari şəhər rəhbərliyi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin, Assorestauronun, Bari Vilayətinin memarlar, landşaft dizaynerləri və bərpaçılar Assosiasiyasının, Fiera del Levante Sərgisinin, Ferrara Sərgi Konqresinin rəhbər şəxsləri çıxış ediblər.

Sentyabrın 2-də “Bərpa həftəsi - 2021 çərçivəsində Azərbaycanla bağlı ölkə təqdimatı təşkil olunub. Açılış nitqi ilə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliya Ticarət Agentliyinin Sənaye Tərəfdaşlığı və Beynəlxalq Qurumlarla Əlaqələr Departamentinin müdiri Roberto Lovato və Assosrestauronun texniki direktoru Andrea Qriletto çıxış edərək Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, müxtəlif sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrdən və qarşılıqlı faydalı mübadilələrdən, mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası çərçivəsindəki imkanlardan danışıblar.

Tədbirdə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə “Böyük qayıdış” və mədəni irsin bərpasına yönəlmiş davamlı proses haqqında geniş təqdimatla çıxış edib. Ermənistan Respublikası tərəfindən 30 il ərzində işğal altında saxlanılan ərazilərimizdə tarix və mədəniyyət abidələrinin dağıdılmasına, mənimsənilməsinə və vandalizmə məruz qalmasına, qeyri-qanuni arxeoloji qazıntıların aparılmasına dair ətraflı məlumatlar və fotofaktlar təqdim edib, mədəni irsimizə qarşı törədilmiş vəhşilikləri nümayiş olunub. Həmçinin Azərbaycan tərəfindən bərpa prosesinə başlanıldığı, çoxsaylı minalardan təmizləmə fəaliyyətinin davam etdiyi diqqətə çatdırılıb. Vurğulayıb ki, post-konflikt dövründə davamlı sülhün və rifahın tam bərqərar olması məqsədilə infrastruktur və şəhərsalma layihələri həyata keçirilir. Bunun məntiqi davamı olaraq Azərbaycan tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə “Mədəniyyət naminə sülh” kampaniyasına bağlanıldığı qeyd olunub. Təqdimatda abidələrin dağıdılmasının miqyası barədə statistik məlumat, Ağdam şəhərinin və azad olunmuş digər ərazilərimizin acınacaqlı durumu diqqətə çatdırılıb.

Dövlət Xidmətinin rəsmisi qeyd edib ki, Azərbaycan tərəfi bərpa prosesi çərçivəsində qarşılıqlı faydalı təkliflərə açıqdır və bu istiqamətdə İtaliyadan olan tərəfdaşların və şirkətlərin bu prosesə töhfə verməsini müsbət qiymətləndirir.

Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov İçərişəhərdə aparılan bərpa işləri haqqında, gələcəkdə açılması nəzərdə tutulan unikal muzey layihəsinə dair məlumat verib.

Tədbir çərçivəsində təşkil olunan Beynəlxalq Bərpa Sərgisi də öz işini davam etdirməkdədir. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti İCE, Assorestauro, İtaliya Milli Tədqiqat Şurasının (CNR), habelə İBİX (abidələrin təmizlənməsi), ENEL X (memarlıq işıqlandırılması), CORES4N (abidələrin interyerinin bərpası üzrə) kimi İtaliyanın tikinti və bərpa sahələrində çalışan qabaqcıl şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.

Azərbaycan nümayəndə heyəti “Bərpa həftəsi - 2021” çərçivəsində 3 sentyabr tarixində Matera şəhərində keçiriləcək tədbirlərdə iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi