İstanbulda “Çağdaş Sənət” beynəlxalq rəsm sərgisi açılıb

İstanbulda “Çağdaş Sənət” beynəlxalq rəsm sərgisi açılıb İstanbulda “Çağdaş Sənət” beynəlxalq rəsm sərgisinin açılış mərasimi keçirilib.
Mədəniyyət siyasəti
1 İyun , 2021 06:33
İstanbulda “Çağdaş Sənət” beynəlxalq rəsm sərgisi açılıb

İstanbulda “Çağdaş Sənət” beynəlxalq rəsm sərgisinin açılış mərasimi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, sərgi “Artcontact İstanbul Müasir İncəsənət Mərkəzi”nin təşkilatçılığı ilə İstanbulun Avrasiya Nümayiş və Sənət Mərkəzində keçirilir.

Pandemiya qaydalarına uyğun şəkildə baş tutan tədbirə məhdud sayda iştirakçı qatılıb. Əsasən Türkiyədə yaşayan yerli və xarici sənətkarların əsərlərinin nümayiş olunduğu sərgidə bu il dünyanın 5-ə yaxın ölkəsindən nümayəndə heyətinin iştirakı nəzərdə tutulur. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan ümumilikdə minə yaxın iştirakçının on minə yaxın əsəri nümayiş etdirilir. Bunlara həm rəsm əsərləri, həm də heykəltəraşlıq nümunələri daxildir.

Dünyanın ən böyük incəsənət sərgilərindən olan “Çağdaş sənət”də “AzArt”-“Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamlar Qrupu”nun xüsusi stendi qurulub. Burada Türkiyədə yaşayan 15 azərbaycanlı rəssamın 100-ə yaxın rəsm əsəri nümayiş olunur.

Azərbaycanın əməkdar rəssamı Teymur Rzayev bildirib ki, bu cür dünya səviyyəli rəsm sərgisində azərbaycanlıların da qatılması, sərgidə onların nümayiş etdirdikləri əsərlərdə Azərbaycan mədəniyyətinə xas elementlərin tanıdılması xoş təəsürat yaradır:

“Hər zaman qeyd edilən bir ifadə var ki, dünyanı incəsənət xilas edəcək. Təbii ki, o incəsənəti öncə görmək və duymaq lazımdır. Digər tərəfdən, İstanbulda təşkil olunan ilk bu cür dünya səviyyəli sərgidə 15 azərbaycanlı rəssamın iştirakı bizi daha da qürurlandırır. Pandemiyaya görə bu il ancaq Türkiyədə yaşayan azərbaycanlı rəssamlar burada Azərbaycanın sənət dünyasını təmsil edə bildi, lakin qarşıdakı illərdə biz Azərbaycanda yaşayan rəssamlarımızın da bu sərgidə iştirakını təmin edəcəyik”.

Qeyd edək ki, 2020-ci ildə keçirilməsi nəzərdə tutulan sərgi COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.

Son xəbərlər

Orphus sistemi