Səudiyyə Ərəbistanının Ciddə şəhərində ilk dəfə “İslam incəsənəti” Biennalesinin açılış mərasimi keçirilib.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “İslam incəsənəti” Biennalesində Azərbaycan Milli İncəsənət Muzeyinin “İslam incəsənəti” kolleksiyası əsasında Azərbaycan pavilyonu təqdim olunur. Pavilyonda muzeyin kolleksiyasına məxsus Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini özündə əks etdirən dəyərli eksponatlar - keramika, xalçaçılıq və bədii metal sənəti nümunələri, o cümlədən XVII-XVIII əsrlərə aid nadir miniatür kolleksiyası nümayiş olunur. Həmçinin XIII əsrin yeganə tam əlyazması olan Əyukinin “Vərqa və Gülşah” poeması və rəssam Əbdülmömin Məhəmməd əl-Xoyinin illüstrasiyalarından ilhamlanaraq yaradılan "Vərqa və Gülşa: geri dönüş" adlı multimedia instalyasiyası nümayiş etdirilir.
Qeyd edək ki, “İslam incəsənəti” Biennalesi bu il aprelin 23-dək davam edəcək.
Məlumat üçün nəzərinizə çatdıraq ki, İslam incəsənətinin dünəni, bu günü və gələcəyinin mənəvi, yaradıcı və estetik ifadəsinin araşdırılmasına həsr olunmuş Biennale Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanının “Həcc” terminalında 70.000 m² sahəni əhatə edən ərazidə təşkil edilib. “Birinci ev” mövzusunda keçirilən Biennale çərçivəsində Dar əl-Əttar əl-İslamiyyə (Küveyt), Qahirə İslam İncəsənəti Muzeyi (Misir), Benaki Muzeyi (Yunanıstan), Oman Sultanlığının Milli Muzeyi, Kral Əbdüləziz Mərkəzi Dünya Mədəniyyəti (Səudiyyə Ərəbistanı), Milli İrs İnstitutu (Tunis), Qətər Milli Kitabxanası, Əhməd Baba Ali Təhsil və İslam Araşdırmaları İnstitutu (Mali), Əl-Harameyn Fondu (Səudiyyə Ərəbistanı) və digər muzey, təşkilatlar tərəfindən İslam incəsənətinin zənginliyini, dünya müsəlmanları arasında mənəvi və bədii estetik əlaqəni özündə əks etdirən sərgi pavilyonları təqdim edilir.