“Mən bizim ifaçılara təşəkkür etmək istəyirəm. Əminəm ki, bu gün Azərbaycan ifaçılarının gözəl səsləri hamımızı heyran etdi. Bu, bizim fəxrimizdir. Bu, onu göstərir ki, Müslümün yaradıcılığı yaşayır və xalqımızın nəsil-nəsil nümayəndələri yaradıcılıqda zirvəyə ucalır. Bu gün biz Müslümlə onun bütün həyatı boyu fəxr etdiyimiz kimi, bugünkü gözəl ifaçılarımızla da fəxr edirik”.
“Report” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsində çıxışı zamanı deyib.
Dövlət başçısı dost ölkələrdən tədbirə gələn qonaqlara xüsusi təşəkkür edib:
“Bu gün bizimlə olduğunuza, Müslümə olan sevginizə, onun haqqında xatirələrinizə, ona münasibətinizə görə sizə təşəkkür edirəm. Bu gün unudulmaz gündür. Biz əziz dostumuzu, qardaşımızı, Azərbaycan xalqının böyük oğlunu bir daha xatırlayaraq deyirik ki, Müslüm həmişə bizimlədir. Bu gün Nani xanım bu barədə mahnı oxudu. Hörmətli Vaxtanq ölkəmizə həsr edilən gözəl mahnı və ecazkar popurri ifa etdi. Bu gün çıxış edən bütün ifaçılarımız Müslüm obrazından ruhlanmışdı”.