Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Türk dünyası ölkələrinə rəsmi səfərlərinə həsr olunmuş “Bir səfərin izi ilə – Türk dünyası” sənədli filminin təqdimatı keçirilib.
“Report” xəbər verir ki, film milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları”nın (AZAL) dəstəyi ilə ərsəyə gəlib.
İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev, montaj üzrə mütəxəssis Elmar Taryeloğlu daxildir. Filmin yaradıcı heyəti Astana, Almatı, Daşkənd, Ankara, Bişkek və Talas şəhərlərində çəkiliş aparıb.
Layihənin rəhbəri, azərbaycanlı səyyah Azər Qərib təqdimat zamanı bildirib ki, tamaşaçıları Ümummilli Liderin səfər etdiyi Türk dilli dövlətlərin tarixi şəhərlərinə aparan film rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. Filmdə, eyni zamanda Heydər Əliyevin Türk dünyası ölkələri arasında dostluq və qardaşlıq əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barəsində də tarixi faktlar təqdim olunur.
O xatırladıb ki, bu, “Bir səfərin izi ilə” layihəsi çərçivəsində artıq 4-cü filmdir. Layihə çərçivəsində daha əvvəl Heydər Əliyevin İtaliya, Yaponiya və Çinə səfərlərindən bəhs edən filmlər təqdim olunub.