Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək. Festivalın keçirilməsində
Mədəniyyət siyasəti
20 Fevral , 2023 16:26
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verib.

Bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır.

Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar (sahə üzrə aidiyyəti təhsil müəssisələrində müvafiq təhsil proqramları əsasında təhsil alanlar) və həvəskar (müxtəlif kurslarda, dərnəklərdə və ya fərdi qaydada sahənin mənimsənilməsi ilə məşğul olanlar) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edə bilərlər.

Festivalda qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növləri və janrları üzrə fəaliyyət göstərən kollektivlər, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı şəxslər də iştirak edə bilərlər. İştirakçıların qeydiyyatı fevralın 20-dən martın 30-dək www.uif.az internet saytı vasitəsilə aparılacaq.

Festivalın ilk rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olan iştirakçılar festivalın növbəti mərhələsində iştirak hüququ qazanacaq. İyun-avqust aylarında keçiriləcək ikinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsi isə sentyabr ayında Bakı şəhərində təşkil olunacaq. İştirakçılar barədə yekun nəticə münsiflər heyəti tərəfindən verilən qiymətlər əsasında müəyyən ediləcək.

Festival ümummili lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimatlar, rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ümumilikdə 21 nominasiya üzrə keçiriləcək:

Rəqəmsal incəsənət – “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” (videoqraf, fotoqraf, müxtəlif kompüter proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger);

Piano ifaçılığı;

Klassik simli alətlər ifaçılığı;

Klassik nəfəs alətləri ifaçılığı;

Azərbaycan xalq çalğı alətləri ifaçılığı;

Akademik vokal;

Estrada oxuma;

Xanəndəlik sənəti;

Aşıq sənəti;

Xor;

Caz ifaçılığı;

Solo milli rəqs;

Milli rəqs ansamblı;

Solo müasir rəqs;

Müasir rəqs ansamblı;

Aktyorluq;

Bədii qiraət;

Hekayəçilik (stand-up);

Dekorativ-tətbiqi sənət;

Rəssamlıq;

Heykəltəraşlıq.

Festivalda hər bir iştirakçı yalnız bir fərdi nominasiyada iştirak edə bilər. Lakin kollektiv nominasiya üzrə festivala qatılanların əlavə bir fərdi nominasiyada da iştirak etməsi mümkündür. Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi