Fevralın 24-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Heydər Əliyev və milli teatr sənəti" layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi nümayiş olunub.
"Report" xəbər verir ki, tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstərilib.
Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası Ümummilli Liderin ən çox sevdiyi əsər olduğundan Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və milli teatr sənəti” layihəsinə məhz həmin tamaşanın nümayişi ilə start verib.
Tamaşadan əvvəl Ulu Öndərin əsərlə bağlı fikirlərini əks etdirən videoçarx təqdim olunub. "Ölülər" pyesini dərin fəlsəfi əsər adlandıran Ulu Öndər onun milli ruhunu xüsusi vurğulayırdı, pyesin bənzərsiz, tarixi əsər olduğunu qeyd edirdi. Heydər Əliyev hələ gənc yaşlarından teatra çox bağlı idi. Məktəb və tələbəlik illərində dram dərnəklərində səhnədə çıxışlar edən Heydər Əliyev teatrı çox sevirdi və o, Azərbaycan milli teatrını milli sərvətimiz adlandırırdı.
“Ölülər” pyesi bu dəfə mükəmməl akustikaya malik olan dünyanın ən yaxşı zallarından birində - Heydər Əliyev Mərkəzinin Auditorium zalında təqdim edilib. Bu zalın səhnəsinə uyğun tamaşa üçün rəngarəng dekorasiyalar qurulub. Aktyorların kostyumları isə məhz bu təqdimat üçün xüsusi hazırlanıb. Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi isə yeni versiyada təqdim edilib.
Quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovun olduğu tamaşada, ümumilikdə 27 aktyor iştirak edib. “Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri aktyor Anar Heybətov 87-ci dəfə bu tamaşa üzrə baş rol ifaçıları kimi Heydər Əliyev Mərkəzinin səhnəsinə çıxıblar.
Pyesin Mərkəzdəki təqdimatında aktyorların iştirakında nəsillərin qovuşması da müşahidə olunub. Belə ki, tamaşada gənc, orta və yaşlı nəslin tanınmış aktyorları rol alıblar: ən gənc aktyor Cəlal rolunun ifaçısı 12 yaşlı Səccat Kazımov, ən qocamanı isə Xalq artisti 85 yaşlı - yubileyini səhnədə qeyd edən Rafiq Əzimovdur. Eləcə də pyesdə Xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Sabir Məmmədov, Əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və digər sənət ustaları iştirak ediblər.
1909-cu ildə yazılan dörd məclis və beş pərdədən ibarət “Ölülər” tragikomediyası ilk dəfə 1916-cı il aprelin 29-da Bakıda, Tağıyev teatrında səhnələşdirilib. Tamaşanın ilk rejissoru görkəmli Hüseynqulu Sarabski olub. Şeyx Nəsrullah rolunu Əliqulu Qəmküsar, İsgəndər rolunu isə Mirzəağa Əliyev oynayırdı. “Ölülər”in ikinci tamaşası 1916-cı il avqustun 17-də Şuşada, vaxtilə Xurşidbanu Natəvanın yaratdığı qızlar məktəbində tamaşaya qoyulub.
Pyes milli dramaturgiyamızda ilk tragikomediya janrlı əsərdir və ötən müddətdə həm Azərbaycanda, həm də xaricdə tamaşaya qoyularaq böyük müvəffəqiyyət qazanıb.
Pyesin Heydər Əliyev Mərkəzindəki budəfəki nümayişi də anşlaqla keçib.
Tamaşanın sonunda səhnə əsərinin hazırlanmasında iştirak edən bütün yaradıcı heyət Heydər Əliyev Mərkəzinin təşəkkürnamələri və hədiyyələri ilə təltif olunublar.