Gürcüstan Aşıqlar Assosiasiyası yaradılıb
- 05 fevral, 2022
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisidə keçirilən Gürcüstan Aşıqlar Assosiasiyasının təsis yığıncağı başa çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, toplantıda 17 üzvdən ibarət İdarə Heyəti formalaşdırılıb.
Aşıq Nargilə Mehtiyeva çıxışında təşkilatın yaradılmasının zəruriliyindən danışıb. Onun sözlərinə görə, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyi ölkədəki aşıqlar və onların fəaliyyətləri barədə məlumatsızdır. “Aşıq sənətinin yaşadılması və daha fəal təbliğatı üçün bir sıra layihələr hazırlanıb və onların bir qisminin Gürcüstan Dövlət Folklor Mərkəzi ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməsi planlaşdırılıb. Assosiasiyanın ilk fəaliyyət istiqamətləri də məhz bu layihələri reallaşdırmaqdan ibarət olacaq”.
Gürcüstan Dövlət Folklor Mərkəzinin direktor müavini Giorgi Qabunia jurnalistlərə açıqlamasında təşkilatın təsis olunmasını alqışladığını bildirib: “Aşıq sənəti Gürcüstan mədəniyyətində xüsusi yer tutur və onun dövlətin dəstəyi ilə tanıdılması çox önəmlidir. Mərkəzimiz birgə səylər və layihələrlə bu sənətin təbliğatına töhfə verməyə hazırdır”.
Toplantıda bildirilib ki, İdarə Heyəti təşkilatın nizamnaməsini hazırlayacaq. Qurultayın mart ayının əvvəlində keçirilməsi nəzərdə tutulub.
15:32
Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində Gürcüstan Aşıqlar Assosiasiyasının təsis toplantısı keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, yığıncaqda Gürcüstanın müxtəlif bölgələrini təmsil edən aşıqlar və ziyalılar iştirak edirlər.
Assosiasiyanın "El" adlandırılması təklif olunub. Toplantıda təşkilatın sədri, onun iki müavini vəzifələrinə namizədlərin irəli sürülməsi və İdarə Heyətinin formalaşdırılması nəzərdə tutulub.
Sədr vəzifəsinə Gürcüstanın tanınmış aşığı Nargilə Mehtiyevanın namizədliyinin irəli sürüləcəyi gözlənilir.
İştirakçılar qarşısında çıxış edən Ramiz Bəkirov deyib ki, Gürcüstan mədəniyyətində layiqli yer tutan və öz ənənələri ilə seçilən aşıq sənətində müəyyən boşluq var. Ziyalı qeyd edib ki, ölkədə müxtəlif aşıqlar birlikləri olsa da, təəssüflər ki, üzdə deyil: "Aşıqları bir araya gətirəcək canlı birliyin yaradılmasını zaman diqtə edir".
Toplantıda iştirak edən Gürcüstan Dövlət Folklor Mərkəzinin direktor müavini Giorgi Qabunia təşkilatın yaradılmasını dəstəklədiyini deyib. O, birliyin fəaliyyətinə uğurlar arzulayıb və təmsil etdiyi mərkəzin yeni assosiasiya ilə əməkdaşlığa hazırlığını ifadə edib.
Təsis yığıncağı çıxışlar və müzakirələrlə davam etdirilir.