Gürcü müğənni: “Saz çalmağı öyrənirəm, muğam ifa etmək istəyirəm”

Gürcü müğənni: “Saz çalmağı öyrənirəm, muğam ifa etmək istəyirəm” Gürcüstanda Azərbaycanın milli musiqi sənətinə hər zaman böyük sevgi və rəğbət bəslənilib.
Mədəniyyət siyasəti
358
29 Yanvar , 2022 11:05
Gürcü müğənni: “Saz çalmağı öyrənirəm, muğam ifa etmək istəyirəm”

Gürcüstanda Azərbaycanın milli musiqi sənətinə hər zaman böyük sevgi və rəğbət bəslənilib. Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən sonra qonşu ölkədə mədəniyyətimizə marağın daha da artdığı müşahidə olunur. Gürcüstanda qalib Azərbaycanın mədəniyyətinin dostlarının sayı artmaqdadır.

Musiqimiz bu sənətə qiymət verə bilən sıravi gürcülərlə yanaşı, sənətçilərini də məftun etməkdədir. Populyar ifaçı Dito Kisişvili də bu müğənnilərdən biridir. Gənc müğənni və aktyorun Azərbaycanın folklor nümunələrinə olan böyük marağı onu sazda çalmağı öyrənməyə də həvəsləndirib. O, həmçinin bu yaxınlarda gürcüstanlı aşıq Nargilə Mehtiyeva ilə duetdə Azərbaycanın “Ay bəri bax” xalq mahnısını ifa edib. Azərbaycan və gürcü dillərində yazılan mahnı Gürcüstanda musiqisevərlərin zövqünü oxşayıb.

“Report”un Gürcüstan bürosunun əməkdaşları D.Kisişvili və N.Mehtiyeva ilə görüşüblər, onların iş birliyi və musiqi layihəsinin necə ərsəyə gəlməsi barədə həmsöhbət olublar.

Hədiyyə saz, ustad-şagirdlikdən duet ortaqlığına

Sənətində yeniliklərə tez-tez imza atan müğənni Azərbaycanla sıx əlaqələr saxladığını və Bakıda çoxlu dostlarının olduğunu deyib: “Azərbaycanda tez-tez oluram. Bakıda aktyor kimi müxtəlif reklam və qısa filmlərdə çəkilişlərə dəvət almışam. Təxminən 5 il bundan qabaq gürcü dostum ad günümdə mənə Bakıdan aldığı saz hədiyyə etdi. O şərt qoydu ki, bu alətdə çalmağı öyrənməliyəm. Saz aləti barədə məlumatım vardı və alətdə çalmağı öyrənmək arzum yarandı”.

Gürcüstanda aşıq sənətini yaşadan və tərənnüm edən Nargilə Mehtiyava gürcü ifaçının müəllimidir. D.Kisişvili azərbaycanlı aşığa böyük hörmətlə yanaşır: “Bundan əvvəl də Gürcüstanın müxtəlif bölgələrindən çoxlu azərbaycanlı dostlarım olub. Ailə üzvlərim də azərbaycanlılarla sıx təmasdadırlar. Uşaqlıqdan Azərbaycanın xalq mahnıları ilə tanışlığım var. Nargilə xanım saz alətində məharətlə ifa edir. Aşıq mahnıları qəlbimi oxşayır. Əvvəlcə özüm alətdə çalmağı öyrənməyə başladım. Daha sonra Nargilə xanımla əlaqə saxladım və dərslərə başladıq. Aşıq Nargilə ilə bir-birimizi çox yaxşı başa düşürük. İkimiz də eyni xarakterdəyik və ən əsası bizi musiqi birləşdirir. Üç aydır sazda çalmağı öyrənirəm və artıq üç mahnı ifa edə bilirəm. Lakin bu hələ başlanğıcdır. Sazda ifaçılıqla peşəkarcasına məşğul olmayacağam. Mahnı ürəyimcə olursa, onu bir günə ifa edə bilirəm. Lakin etiraf edim ki, vokal qabiliyyətim yaxşı olsa da, muğam ifa etmək mənim üçün hələ çətindir”.

Nargilə xanımın sözlərinə görə, D.Kisişvilinin saz alətinə böyük rəğbəti var və o, Azərbaycan musiqisini, muğamlarını heyranlıqla dinləyir: “Ditoda saz alətinə böyük maraq gördüm. O, çox bacarıqlı və qabiliyyətli ifaçıdır. Buna görə də onu şagirdliyə qəbul etdim. Dito hazırda saz dərsi dediyim 20 şagirdimdən biridir. Sazda çalmağı öyrənmək, alətin dilini bilmək çətindir. Lakin Dito ilə ilk görüşdə hiss etdim ki, o, alətdə çalmağı öyrənə biləcək”.

Şagird-müəllim münasibətləri gürcü ifaçı və N.Mehtiyevanı birgə musiqi layihəsində birləşdirib.

“Ay bəri bax”a gürcülərin heyranlığı

D.Kisişvilinin fikrincə, “Ay bəri bax” mahnısı çox uğurlu alınıb: “Bu mahnı Gürcüstanda da çox populyar və seviləndir. Mahnını gürcü dilində də yazdırdıq ki, gürcülər üçün də anlaşılan olsun. Nəticədə çox gözəl birgə layihə alındı. Mahnını Azərbaycan dilində də ifa etməyimdən şərəf duyuram. Mənim dostlarımın əhatəsinə əsasən sənət adamları daxildir. Onların bəziləri artıq bu mahnını dinləyib və hamısı heyran qalıb”.

N.Mehtiyeva da “Ay bəri bax” mahnısının yeni tərzdə uğurlu və mükəmməl alındığını bildirib. Mahnı azərbaycanlı aşığın gürcü ifaçılarla həyata keçirdiyi artıq 4-cü layihədir:

“Birgə duet yazdırmaq ideyası məndən gəldi. Dito təklifimi böyük həvəs və maraqla qarşıladı. Bir işin başlanğıcında istək olursa, həmin iş həmişə uğurlu alınır. Azərbaycan xalq mahnılarını nəzərdən keçirdik və “Ay bəri bax” mahnısının üzərində dayandıq. Belə ki, bu mahnı Gürcüstanda da çox sevilən Azərbaycan mahnılarından biridir. Mahnının sözlərinin bir hissəsi gürcü dilinə tərcümə olundu və fərqli tərzdə ifa etdik”.

Yeni birgə layihələr

Gürcü ifaçı Azərbaycan mahnılarına bundan sonra da müraciət edəcəyini bildirib: ““Ay bəri bax” mahnısı əlbəttə ki, başlanğıcdır. Nargilə xanımla birgə daha bir neçə Azərbaycan mahnısı yazdırıb gürcü və azərbaycanlı dinləyicilərin ixtiyarına verməyə hazırlaşıram. Azərbaycanlı dinləyicilər qarşısında solo mahnı ifa etmək, saz çalmaq və muğam oxumağı da arzulayıram”.

D.Kitişvilinin sözlərinə görə, birgə musiqi layihələri gürcü və Azərbaycan xalqları arasında sevgi körpüsü yaranır: “Əsas məqsədim əcdadlarımızdan bizə miras qalmış münasibətləri dərinləşdirmək və iki qonşu, yaxın xalqların bir-birinin mədəniyyətinə necə dəyər verməsini nümunə kimi göstərməkdir”.

N.Mehtiyeva da Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da gücləndirilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə birgə layihələri davam etdirmək niyyətindədir: “İki dövlət və onların xalqları arasında həmişə sıx mədəni əlaqələr mövcud olub. Biz də sənət adamları olaraq bu əlaqələrin möhkəmlənməsinə töhfəmizi veririk”.

Son xəbərlər

Orphus sistemi