Gülən adamlar: axşamüstü Şuşadan - REPORTAJ

Gülən adamlar: axşamüstü Şuşadan - REPORTAJ 18 sentyabr saat 04:35
Mədəniyyət siyasəti
2139
20 Sentyabr , 2021 15:09
Gülən adamlar: axşamüstü Şuşadan - REPORTAJ

18 sentyabr saat 04:35

Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Şuşaya yola düşürük. Düz 30 ildən sonra dahi bəstəkarın doğum gününü Şuşada qeyd edəcəyik. Səfər yoldaşlarım yolun uzunluğu səbəbindən bir qədər yataraq yuxumu almağımı desələr də, faydası olmur. Adamın gözünə yuxu gedər heç?! Hərçənd yuxum gəlsə də, yol boyu "Şuşa" yazılan plakatları görüb həyəcanım birə-beş artır.

Üç saat yol getdikdən sonra 07:36-da Füzulinin işğaldan azad olunmuş kəndlərindən keçirik. Viran qoyulan cənnəti canlı-canlı izləyirəm. Kədər və sevinc dolu hisslər bir-birinə qarışır. Öz-özümə düşünürəm ki, hələ Şuşanı görməmişəm, göz yaşlarımı saxlamalıyam.

Lakin sözümə əməl etməkdə çətinlik çəkirəm. Zəfər yolu ilə üzü Şuşaya qalxarkən bir az da duyğulanıram. Çox yox, bir il əvvəl “üzü Şuşaya” ifadəsini eşidəndə qəhərlənirdik. Amma bu gün qürur hissi ilə Şuşaya gedirik. Zəfər yolu bizi Qarabağa aparan bir açardır. Bu yol bizə Şuşa uğrunda gedən döyüşlərin nə qədər ağır olduğunu göstərir. Buradan keçəndə əmin olursan ki, Şuşa həqiqətən də əlçatmazdır.

Xoş gördük, Şuşa!

Saat 08:45... Sonuncu postdan keçəndən sonra artıq Şuşadayıq. Şuşanın əsrarəngiz təbiəti bizi günəşli hava ilə qarşılayır. Avtomobildən düşən kimi ətrafdakı insanlar, - "evinizə xoş gəlmisiniz", - deyə bizi salamlayırlar. Xatırlatmaq istəyirlər ki, burada ev sahibi elə özümüzük.

"Xarı Bülbül" hoteli digər nümayəndələrlə görüş yerimizdir. Hər kəs toplaşandan sonra proqramda qeyd edilən yerləri bir-bir ziyarət etməyə başlayırıq.

İlk üz tutduğumuz Bülbülün ev muzeyi olur. Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu bizə ev muzeyi barədə məlumatlar verir. Burada Bülbülün dağıdılmış heykəli ilə yeni heykəli yanaşı dayanıb. Nümayəndələrdən iki nəfərin söhbətinə qulaq şahidliyi edirəm. "Bu gün gördüyümüz dağıdılmış heykəllər yüz kitab oxumağa bərbabərdir", - deyə buranın nə qədər əhəmiyyətli olduğunu izah etməyə çalışırlar. Bu yerdə söhbətə qoşulub onların fikrini dəstəklədiyimi deyirəm. Hətta mənə elə gəlir ki, Şuşanı görəndən sonra bir də heç nəyə gözəl deyə bilmərəm. Çünki Şuşa onu görənlərin gözəllik anlayışını dəyişdirəcək qədər valehedicidir.

Söhbətimizə burada ara verib, növbəti ünvana tərəf gedirik. Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binanın qarşısındakı "Güllələnmiş heykəllər" abidəsini diqqətlə nəzərdən keçiririk. Büstlərin müxtəlif hissələrində mərmiləri görürük. Burada Polad Bülbüloğlu güllələnmiş heykəllərə qarşı vandalizm aktlarından danışır. Bildirir ki, abidələrin üzlərindəki güllə izlərini aydın görmək mümkündür. Elə bu səbəbdən onlara "güllələnmiş heykəllər" deyilir.

Ayaq saxla bu yerdə...

Nəhayət, bütün səfər iştirakçılarının həvəslə gözlədiyi Qala divarlarına tərəf yol alırıq. Məsafə az olduğuna görə piyada getməyimizi məsləhət görürlər. Yolüstü "Xan qızı" bulağından da keçirik. Şuşanın cənnət bulağından su içirik və yolumuza davam edirik. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə heyətinin sədri Məftun Abbasov bizi Qala divarlarının tarixi ilə tanış edir: “Gördüyünüz bu divarların yuxarı hissəsində hazırda təmir işləri davam edir. Bu divarlara müharibə vaxtı ermənilər tərəfindən çox böyük zərər vurulub”.

Festivalın başlamasına az qaldığı üçün bir neçə foto ilə buradan ayrılmalı oluruq və tədbirin keçirildiyi yerə çatırıq. Qarşımızda Üzeyir Hacıbəylinin əzəmətli heykəli dayanır. Bu gün o da Şuşa qədər xoşbəxtdir. Doğum günündə ətrafına toplaşan övladlarını cismi ilə olmasa da, ruhu ilə salamlayır. Bir neçə dəqiqə sonra boş masalar yavaş-yavaş dolur, səhnə arxasında konsertdə çıxış edən mədəniyyət xadimləri toplaşır.

Rahat uyu, Üzeyir bəy!

Şuşada saatlar 13:00-ı göstərir... 30 il sonra Şuşada Üzeyir Hacıbəylinin doğum günü qeyd olunur. Bu münasibətlə şəhərdə XIII Beynəlxalq Musiqi Festivalı keçirilir. Əvvəlcə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, sonra isə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və Polad Bülbüloğlu çıxış edirlər.

Konsert proqramı Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblı Xalq Çalğı Alətləri Orkestrinin ifasında Üzeyir Hacıbəyli, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və digər bəstəkarların ifaları ilə davam edir. Ardınca xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov, əməkdar artistlər Elnur Əhmədov, Arzu Əliyeva çıxış edir. Üzeyir bəyin heykəli önündə “Leyli Məcnun” operasından parçalar səsləndirilir. Səhnədən xoşbəxtlik, qürur hissləri ilə ayrılan sənətçilərə yaxınlaşıram. Bu əsrarəngiz gün münasibətilə onları təbrik edəndən sonra təəssüratlarını öyrənirəm.

30 illik imtahan...

Xalq artisti Mənsum İbrahimovun çöhrəsində hər zamankından daha çox sevinc görünür. O qədər sevinclidir ki, yaxınlaşan kimi danışmağa başlayır: “Otuz ildən sonra Üzeyir səhnəsinə Məcnun kimi çıxdım, sanki Üzeyir bəyin ruhu qarşısında imtahan verdim. Bu, inanılmaz bir hissdir. Artıq azad Şuşada Üzeyir bəyin heykəlinin qarşısında "Leyli və Məcnun" səslənir. Bu, bilirsiniz, nə deməkdir?! Bundan sonra da hər zaman belə olacaq. Biz və bizdən sonrakı nəsillər hələ uzun illər bu ənənəni yaşadacağıq. Allah bu sevinci, əziz günü bizə yaşadan şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin".

Həmişə yanaşı görməyə öyrəşdiyimiz Qarabağ muğam üçlüyü bu dəfə də bir yerdə qürurla yanaşı dayanıb. Növbəti həmsöhbətim trionun tar ifaçısı Xalq artsti Elçin Həşimov olur. Sənətçi öz sevincini bu cür təsdiqləyir: “İllərdir arzuladığımız günə çatmışıq. "Leyli və Məcnun"u dünyanın bir çox səhnələrdə ifa etmişik. Hər dəfə çıxış edəndən sonra ürəyimizdə bu günü gözləmişik. Bu gün isə öz arzularına yetişən insanlarıq. Ona görə də hisslərimizi ifadə etməyə söz tapmırıq. Sadəcə, bu anları yaşamaqdan zövq alırıq. Şuşa bizim üzüyümüzün qaşı, Üzeyir bəyin musiqisi isə ana musiqimiz, ana laylamızdır”.

Muğam üçlüyünün digər üzvü, kamança ifaçısı əməkdar artist Elnur Əhmədov deyir ki, Qarabağ bölgəsindən olan biri kimi Şuşada festivalda çıxış etməkdən qürur duyur: “Bu gün Üzeyir bəyin vətənində onun doğum gününü qeyd etmək mənim üçün böyük fəxrdir. Artıq "Qarabağ şikəstəsi"ni Şuşada ifa etmək arzu deyil. Bu günləri görməyimizə səbəb olan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Mənim dayım oğlu Surxay Noçuyev də Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Qələbə günündə isə şəhidlik zirvəsinə ucalıb”.

Vüsala qovuşanlar...

Söhbətimi bitirib uzaqlaşanda qulağıma bir ifadə dəyir: “Şuşaya köçən ilk qadın”. Çox çəkmir ki, həmin xanıma yaxınlaşıb adını öyrənirəm və mənə maraqlı gələn sualları verməyə başlayıram. Şuşa sakini Məmmədova Fazilə deyir ki, evinə ilk gələndə həyət-bacanı dağınıq və istifadəsiz halda görüb: “May ayından Şuşaya köçmüşəm. Biz inana bilmirik ki, öz evimizə qayıtmışıq. 30 ildən sonra öz evimdə yaşayıram. Bundan sonra ölsəm də, gözüm açıq getmərəm. Oğlum burada polis polkovniki kimi çalışır. Bundan sonra Şuşadan heç yerə getməyəcəyəm. Evlər dağılsa da, olar. Əsas odur ki, Şuşa azaddır. Allah şəhidlərimizə rəhmət eləsin. 30 il sonra dahi bəstəkarın doğum günündə "Üzeyir bağı"nda oturmuşuq. Bundan böyük xoşbəxtlik nə ola bilər ki?!”

Festivalın səhnəsində “Sənsiz” romansını ifa edən əməkdar artist Anar Şuşalını eşitmək isə daha qürurvericidir: “Bütün fəaliyyətim boyu “Sənsiz” və “Sevgili canan”ı ifa etmişəm. Həmişə bu günü gözləmişəm. Bizim üçün hər səhnə çox böyük məsuliyyətdir. Bu gün isə daha böyük məsuliyyət hiss edirik. Bu torpağı bizim üçün müqəddəs edən burada axıdılan qanlardır. Ona görə də hisslərimiz gah sevinc, gah da kədər doludur”.

Bayaqdan səhnədən 100 metr aralıda bir nəfərin namaz qılması diqqətimi cəlb edir. Səcdədən qalxan kimi yaxınlaşıb salamlaşıram və gözaydınlığı verirəm. Şuşa sakini Telman Quliyev burada öz əhdini yerinə yetirir: "Şuşa bizim 30 ildir əsir qalan qeyrətimiz idi. Şükürlər olsun ki, bu gün Üzeyir vətəni Şuşaya üzüağ, alnıaçıq gəlmişik. Bu torpaqların azad olunması bizi öz mənəvi kimliyimizə qovuşdurdu. Şuşaya ayaq basanda yaşadığım hissləri sözlə ifadə etmək çox çətindir. Ayağım doğma yurduma dəyən kimi əyilib torpağı öpdüm. Burada, Üzeyirin heykəlinin qarşısında keçirilən bu tədbir bizim qayıdışımızın böyük simvoludur. Ona görə də festival davam edərkən şükür namazı qılmağı özümə borc bildim".

Konsert proqramı "Qarabağ şikəstəsi" ilə sona çatır. Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov iştirakçılara və mədəniyyət xadimlərinə ürək sözlərini çatdırır, bu gün Şuşada qeyd olunan Beynəlxalq Musiqi Festivalının vacibliyindən danışır. Bildirir ki, festival bundan sonrakı tədbirlərə bir növ açar rolunu oynayır.

Çin çıxan Şuşa yuxum...

Nümayəndə heyətinin son ziyarətgahı isə Cıdır düzü olur. Möcüzədir, Cıdır düzünə ayaq basarkən cəmi 10 saniyə çiskin yağış yağır. Sonra göy üzü yenidən açılır. Şuşa yuxumda gördüyümdən daha gözəldir. Elə bu gözəlliklərə yenicə dalıram ki, ucadan gələn bir səs məni oyadır: “Şuşanın dağları deyil dumanlı”. Bu səs o qədər yanğılı və doğmadır ki, sahibini axtarmağa başlayıram. Nəhayət, bayaqdan məni valeh edən səsin sahibi ilə həmsöhbət oluram.

Söhbət əsnasında zabitlərlə birgə mənə Xankəndi və Xocalını göstərirlər. Qarabağın düz mərkəzindən o yerləri binoklla izləyirəm. Şuşaya gələndə qalxdığım Zəfər yoluna bu ucalıqdan bir də tamaşa edirəm. Hiss edirəm ki, həqiqətən də Şuşanın dağları daha dumanlı deyil. Gözəl Şuşanın təbiəti də özü kimidir. Onun dumanı, çəni, çiskini həsrətdən idi. Vüsala qovuşandan sonra çəni də çəkilib, dumanı da...

Elə bu dəm “Deyəsən, bu gecə Cıdır düzündə qalacaqsan”, - deyə yoldaşlardan biri məni çağırır. Başım bu gözəlliyə elə qarışıb ki, hər kəsin getdiyinin fərqinə varmamışam. Ayaqlarım biixtiyar bu yerlərdən uzaqlaşır. Şuşaya vida etmək istəmirəm, ürəyimdən cəmi bir cümlə keçir: "Biz həmişəlik qayıtmışıq, əziz Şuşa!"

Sözardı...

Səfər zamanı ən əziz, ən doğma varlığıma qovuşmaq hissini doya-doya yaşadım. Yuxularımda qonağı olduğum Şuşanı dünya gözü ilə doyunca izləmişəm. Burda insanın Şuşadan başqa nəyəsə ehtiyacı olmur. Yemək? Su? Yatmaq? Qorxu? Yox, bunların heç biri. Şuşanın şüşə kimi saf havasını ciyərlərinə çəkəndə anlayırsan ki, bu günə qədər aldığın bütün nəfəslər sanki hədər imiş. Gör, nə qədər xoşbəxt insanlarıq. Cənnəti bu dünyada görmək də varmış nəsibimizdə.

Şuşanın hər daşında, hər bucağında həyatımda heç görmədiyim səhnələr canlanırdı gözümün önündə. İnsan görmədiyi bir hadisəni necə gözündə canlandıra bilər? Şuşanı əlbəyaxa döyüşlə, sünki ilə azad edən şəhidlərin ruhu burdadır. Bəlkə də hər şey bumeranq kimidir. Hər dəfə, hər gün, bəlkə də hər an eyni hadisələr təkrarlanır. Sadəcə xəbərimiz yoxdur. Unutqan xalq deyilik biz. Amma Şuşa bizə yenə də onu azad edənlərin kim olduğunu xatırlatmaq istəyir. Sən necə də vəfalısan, Şuşa...

Sentyabrın 18-də Şuşanı doya-doya yaşamışam. Onu görməmişəm, izləməmişəm yaşamışam, havasını ciyərlərimdə, səsini qulaqlarımda hiss etmişəm. Qollarımı açıb təbiətin sonsuz gözəlliyinə sarılmışam. Az oldu. Özümü dərk edəndən gözlədiyim görüşün 5-6 saat çəkməsi mənim üçün çox az oldu.

Sevgilisini 1 saat artıq görmək istəyən yeniyetmələr kimi vaxtı uzatmağa çalışıram. Alınmır. Verilən vaxt bir müddət sonra bitir. İstəməyərək də olsa, Şuşadan ayrılmaq məcburiyyətində qalıram. Təbii ki yenidən gələcəm. Bu sözümü mütləq yerinə yetirəcəm...

İndi Şuşadan uzaq keçirdiyim bu anlarda sanki böyük bir boşluğa düşmüşəm. Bir neçə saatlığına gördüyüm gözəllik gözlərimi elə tutub ki, gələcəklə bağlı düşündüyüm tək bir şey var. O da yenidən Şuşaya qayıtmaq. Hətta bəlkə orada yaşamaq. İndi anlayıram: Şuşanı görmüş, ömrünün bir hissəsini orada yaşamış insanlar Şuşanın adını eşidəndə nə üçün qəhərə boğulur, göz yaşlarını saxla bilmirdilər, həsrətli səs tonu ilə "Şuşa tamam başqa idi" deyirdilər. Bunu gec də olsa anlayıram.

Gözəl Şuşa, indi sənə aşiq olanların sayı bir nəfər də artıb. Səni sevməyə yaşım çatmaya bilər, amma dağlarının, düzlərinin, hər küncünün, bucağının vurğunuyam...

Foto: Ehtiram Cəbi

Son xəbərlər

Orphus sistemi