“Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsinin ikinci hissəsi çəkilir.
Bu barədə "Report"a “Azərbaycanfilm”dən məlumat evrilib.
Bildirilib ki, hazırda çəkilişlərinə başlanan silsilənin ikinci hissəsində “Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi”, “Dövlət Təhlükəsizliyi Xidməti”, “Mülki həkimlər”, “Hərbi həkimlər” və “Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu” adlı sənədli filmlər yer alır.
Qeyd edək ki, “Dövlət Təhlükəsizliyi Xidməti” sənədli filmi 28 mart tarixində Milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günündə İctimai TV-nin efirində yayımlanıb. Film hal-hazırda “YouTube” vasitəsilə yayımlanır. Digər filmlərin çəkilişləri isə davam etməkdədir.
Filmlərin süjet xəttində xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsi və əldə etdiyimiz qələbədə müzəffər ordumuzla yanaşı onu dəstəkləyən digər birliklər, qüvvələr və böyük fədakarlıq göstərən əsgər və zabitlərimizi ölümün pəncəsindən alıb həyata qaytaran tibb işçilərindən bəhs edilir.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” və “İctimai TV”nin birgə istehsalıdır.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” və “İctimai TV”nin birgə istehsalı olan “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsi 5 filmdən ibarət idi. “27 Sentyabr” (Qələbənin ilk günü!), “Böyük əmr!” (Raket və Artilleriya Qoşunları), “Dövlət xətti!”, (Dövlət Sərhəd Xidməti), “Hərbi Hava Qüvvələri” və “Biz gəlirik!” (Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı qrupu) adlanan sənədli filmlər 2021-ci ildə Zəfər günü ərəfəsində İTV-də yayımlanıb