Fransanın paytaxtı Parisdə Novruz bayramı münasibətilə konsert keçirilib.
“Report”un Fransa bürosu bildirir ki, ölkəmizin Səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində keçirilən konsertdə Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları çıxış ediblər. Tədbirdə respublikamızın Fransadakı səfiri Leyla Abdullayeva, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri və yerli qonaqlar iştirak ediblər.
L.Abdullayeva tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Novruzun Azərbaycan xalqının qədim, zəngin dünyagörüşünü və milli kimliyini təcəssüm etdirdiyini diqqətə çatdırıb. O, Novruz bayramı və adət-ənənələri haqqında qonaqlara geniş məlumat verib.
Tədbirdə Azərbaycanın milli rəqslərini Fransada yaşayan gənc azərbaycanlı Səma Quliyeva ifa edib.
Mərasimdə xalqımızın qədim bayramı olam Novruzun adət-ənəmələrini əks edən rəsm əsərləri də nümayiş olunub. Yağlı fırça ilə kətan üzərində çəkilmiş rəsm əsərlərinin müəllifi azərbaycanlı rəssam Mehri Quliyevadır.
Bayram süfrəsində milli mətbəximizin ləziz yeməkləri, şirniyyatlarımız, süfrələrin bəzəyi səməni yer alıb.