Bu gün Azərbaycanın dahi bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anadan olmasından 99 il ötür.
“Report” xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyinin rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri və ailə üzvləri I Fəxri xiyabanda görkəmli bəstəkarın məzarını ziyarət edib, abidəsi üstünə tər güllər düzüblər.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, F.Əmirovun yaradıcılığı Azərbaycan muğamıdır: "Onun yaratdığı bütün simfoniyalarda azərbaycançılıq var. İstərdim ki, hər zaman özümüzü onun varisləri hiss edək. Özümüzü onun baxışına və fikirlərinə uyğun tərbiyə edək. Mədəniyyətimizi yaşatmaq üçün Fikrət Əmirova dəyər verməliyik. Biz nəinki ənənəvi muğama sahibik, eyni zamanda onun sintezini yaradan sənətkarlara malikik. Elə etməliyik ki, Fikrət Əmirov məktəbi davam etsin".
Bəstəkatlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, Fikrət Əmirov, Üzeyir Hacıbəyov, Qara Qarayev Azərbaycan musiqisini hər zaman dünyada tanıdıb: "Fikrət Əmirovun simfonik muğamları ən dahi drijorların repetuarında səslənir və səslənəcək. Bütün dünya onun əsərlərini ayaq üstə alqışlayır. Onun şedevr əsərləri mədəniyyətimizin inciləridir. Fikrət Əmirovun yaradıcılığından saatlarla danışmaq olar. Fikrət Əmirov varədə gənclərə danışanda onlar qürurlanırlar".
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli qeyd edib ki, gələn il bəstəkarın 100 illik yubleyidir və buna hazırlıqlar başlayıb: "Mütləq gələn ilin tədbirləri barədə indidən işlər görmək lazımdır və plan üzrə hərəkət etməliyik. Həmişə gecikirik. İstərdim ki, bütün dünyada Fikrət Əmirov günləri keçirilsin. Dahi bəstəkar xoşbəxt adamdır ki, o dünyadan köçsə də, əsərləri yaşayır. Bu da hər bəstəkara qismət olmur".
Mərhumun qızı Sevil Əmirova tədbir iştirakçılarına təşəkkür edib: "Fikrət Əmirova və onun yaradıcılığına göstərdiyiniz diqqətə görə minnətdarlığımı bildirirəm".