Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, “Şöhrət” və “İstiqlal” ordenli pianoçu Fərhad Bədəlbəylinin 75 illik yubileyi münasibətilə tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Xalq artistinin sənət dostları və bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gecədə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Respublikasının Xalq artisti Murad Adıgözəlzadə rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olan Fərhad Bədəlbəyli 1965–1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969–1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) təhsil alıb. F.Bədəlbəylinin adı B.Smetana adına (Çexoslavakiya, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı - 1967) və Vianna da Motta adına (Portuqaliya, Lissabon, Pianoçuların Beynəlxalq Müsabiqəsi laureatı - 1968) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşıb. Hazırda F.Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçu mütəmadi olaraq dünyanın bir çox ölkələrinə qastrol səfərləri edir. O, həmçinin 1986–1989-cu illərdə Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olub. F.Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olub) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılıb. Eyni zamanda 1991-ci ildən Fərhad Bədəlbəyli Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur.