Estoniyanın paytaxtı Tallin şəhərindəki Arxitektura və dizayn qalereyasında azərbaycanlı rəssam, “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzinin sədri Rövşən (Nur) Quliyevin fərdi sərgisinin açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə baş tutan sərgidə Azərbaycanın və Türkiyənin Estoniyadakı səfirləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Sərgidə rəssamın “Azərbaycan naxışları” mövzusunda 70-dən çox əsəri nümayiş etdirilib. Mərasimdə çıxış edən Azərbaycan rəqs kollektivləri və klassik musiqi ifaçıları milli rəqslərimizi və dünya bəstəkarlarının əsərlərini təqdim ediblər. Tədbirin gedişində Rövşən Nur skripka ifaçısının portretini çəkib.
Yeni sərgisinin açılması münasibətilə rəssamı təbrik edən mərasim iştirakçıları Azərbaycan və Estoniyanın mədəni irsinə töhfələr bəxş edən sənətkara davamlı yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edək ki, iyulun 19-da açılan sərgi iki həftə davam edəcək. Bu müddət ərzində Rövşən Nur sərgi ziyarətçilərinə öz əsərləri barədə məlumat verəcək və ustad dərsləri keçəcək.