Bakı. 14 fevral. REPORT.AZ/ Mədəniyyət naziri
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Nazir Böyük Britaniyaya səfəri çərçivəsində bu ölkənin incəsənət, irs və turizm üzrə dövlət katibi Maykl Ellis ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində münasibətlərin vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Ə.Qarayev qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətlərlə yanaşı muzey, kitabxana, mədəni irsin qorunması, teatr və musiqi sahələrində əlaqələr gündən-günə inkişaf edir: "Hazırda Azərbaycan tərəfi mədəniyyət və yaradıcı sənayelərin inkişaf etdirilməsi üçün Britaniya təcrübəsini ciddi araşdırır və bu məqsədlə Britaniya Şurası (British Council) ilə əməkdaşlıq edir".
Maykl Ellis bildirib ki, mədəniyyət sahəsində müvafiq istiqamətlər üzrə rəsmi Bakı ilə əməkdaşlığa hazırdır. Azərbaycanın YUNESKO-dakı rolunu yüksək qiymətləndirən M.Ellis Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyasının təşkilində uğurlar arzulayıb.
Ə.Qarayev bu ilin mayın 2-3-də Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və iyunun 30-dan iyulun 10-dək davam edəcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə geniş məlumat verərək M.Ellissi Bakıya səfərə dəvət edib.
Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində anlaşma memorandumunun imzalanması və onun əsasında fəaliyyət planının hazırlanması qərara alınıb.