Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə may ayının 15-dən 20-dək Bakı şəhərində “Dmitri Sitkovetski ilə görüşlər” adlı silsilə tədbirlər keçiriləcəkdir.
Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, artıq 15 may tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ilk ustad dərsi keçirilib və tələbələr tərəfindən xüsusi maraqla qarşılanıb. Ustad dərsləri 16 və 17 may tarixlərində davam etdiriləcəkdir.
Bu gün isə sənətçi YARAT Müasir İncəsənət Mərkəzində “XX əsrin dahi pianoçusu Bella Davidoviç” adlı video-mühazirə ilə çıxış edəcəkdir.
Bundan əlavə, Dmitri Sitkovetski növbəti günlərdə Azərbaycan Bəstəkarlar İttifaqında görüş keçirəcək, Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Kamera Orkestri ilə birgə çıxış edəcək, Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Violin incəsənətinin qızıl əsri” adlı növbəti elmi mühazirəsini təqdim edəcəkdir.
Qeyd edək ki, D.Sitkovetskinin iştirakı ilə ustad dərsləri və mühazirələr Mədəniyyət Nazirliyinin musiqi sahəsində təşkil etdiyi təlim proqramının bir hissəsidir. İl ərzində həmçinin digər tanınmış musiqiçi və pedaqoqların ustad dərslərinin təşkili nəzərdə tutulur.
Xatırladaq ki, Londonda yaşayan dünya şöhrətli skripka ifaçısı, dirijor Dmitri Sitkovetski Bakıda musiqiçi ailəsində anadan olub. D.Sitkovetski Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi istedadlar üçün açılmış məktəbdə ilk musiqi təhsili almış dahi pianoçu, qocaman sənətkar Bella Davidoviçin oğludur.