Daşkənd şəhərindəki Abdulla Qadiri Xatirə muzeyində “Qarabağda yenidən doğan günəş” adlı fotosərgi keçirilib.
Bu barədə "Report"a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Tədbiri Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq bildirib ki, sərgidə Özbəkistanın tanınmış fotoqrafı Husniddin Atoyev Azərbaycanın işğaldan azad edilən ərazilərində çəkdiyi unikal fotoşəkillər nümayiş olunur.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iki ölkə arasında olan tarixi dostluq əlaqələrindən danışıb, son illərdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Diplomat Ermənistanın tarixən Azərbaycan xalqına qarşı işğalçılıq siyasətindən danışıb, Qafqazla yanaşı, Mərkəzi Asiyada da erməni daşnaklarının həyata keçirdiyi qətliamlar barədə məlumat verib.
Husniddin Atoyev Azərbaycanın Ermənistan işğalından azad olunmuş bölgələrini ziyarət edərkən heyrətə gəldiyini və şoka düşdüyünü söyləyib. Ağdam, Füzuli və Şuşa rayonlarında olan fotosərginin müəllifi həmin ərazilərdə sanki güclü dağıdıcı zəlzələ baş verdiyini, Azərbaycan xalqının min illərlə yaratdığı şəhər və kəndlərin viran edildiyini vurğulayıb. O, gələcəkdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə birlikdə Azərbaycana və Qarabağ mövzusuna dair çəkilmiş fotoşəkillərin əsasında yeni sərgilərin keçirilməsinin planlaşdırıldığını da qeyd edib.
Fotosərgi fevralın 27-dək davam edəcək.