“Aktyor Müşviq Şahverdiyev böhtan xarakterli məlumatlar yaymaqla hakimlərə təzyiq etmək istəyir”.
“Report” xəbər verir ki, bu barədə “Cinemazadeh” MMC-dən bildirilib.
Qeyd olunub ki, son günlər “Cinemazadeh” MMC və aktyor Müşviq Şahverdiyev arasında Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatında olan işlə bağlı aktyor tərəfindən qalmaqala səbəb olan müsahibələr verilib və çıxışlar edilib.
“Onun sosial media və verilişlərdə verdiyi və verməkdə davam etdiyi birtərəfli, qərəzli və qeyri-obyektiv məlumatların insanlarda bu məsələ ilə bağlı səhv fikirlər və təsəvvürlər yaratdığı və yarada biləcəyini nəzərə alaraq “Cinemazadeh” MMC bu məsələyə dair münasibət bildirməyi zəruri hesab edir”, - “Cinemazadeh”dən bildirilib.
Vurğulanıb ki, “Cinemazadeh” MMC və M.Şahverdiyev arasında bağlanan müqavilə üzrə sonuncunun öhdəliklərini icra edilməməsi ilə əlaqədar tərəflər arasında fikir ayrılığı və mübahisə olduğundan “Cinemazadeh” MMC mübahisənin məhkəmədən kənar qaydada tərəflər arasında həll edilməsi üçün zəruri olan bütün addımları atıb. Bildirilib ki, dəfələrlə yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün M.Şahverdiyevlə danışıqlar aparılmasına çalışsa da, sonuncu məsələnin sülh yolu ilə həllindən imtina edib və “Cinemazadeh”yə məhkəməyə müraciət etməyi məsləhət görüb:
“Buna görə də Azərbaycan qanunlarına uyğun olaraq “Cinemazadeh” MMC yaranmış mübahisənin həll edilməsi üçün aktyoru məhkəməyə verib. Onun mətbuata verdiyi açıqlamadan fərqli olaraq bildiririk ki, iddia məbləği 90 000 manat deyil 24 300 manatdır və bu məbləğ göstərəcəyi xidmət müqabilində ona ödənilmiş avans məbləğidir. Müşviq Şahverdiyevin müqavilə öhdəliyini icra etmədiyi üçün həmin məbləğ ondan geri tələb edilir”.
Bildirilib ki, o, qonağı olduğu televiziya verilişlərində, KİV-də, həmçinin sosial şəbəkələrdəki müsahibələrində danışdığı yalanlardan daha biri “Cinemazadeh” şirkətinin aktyor Məcid Hüseynovun iddiası ilə baş tutmuş məhkəməni uduzmasıdır:
“Məcid Hüseynovla şirkət arasında olan anlaşmazlıq ümumiyyətlə məhkəmə səviyyəsində həll olunmayıb - ərizə ilə məhkəməyə müraciət edən aktyor sonradan qarşılıqlı anlaşma əsasında ərizəsini geri götürüb.
Müşviq Şahverdiyevin “Cinemazadeh” şirkətinin onu məhkəməyə verdiyini KİV-dən öyrəndiyini bildirməsi də daha bir yalandır, belə ki, dəfələrlə ona müraciət olunub, məsələnin öz aralarında həll olunması üçün xahiş olunub. Cavabında isə o, müraciət edən tərəfi söyüşlərlə təqir edib, özü tələb edib ki, şirkət məhkəməyə müraciət etsin. Bundan sonra M.Şahverdiyevə daha bir neçə dəfə müraciət olunub, məsələnin barışıq yolu ilə həll olunması təklif olunsa da, o, yenə də mediasiyaya gəlməyib və şirkətə olan borcunu qaytarmayacağını bildirib.
Həmçinin verdiyi müsahibələrdə hakimin işə ədalətsiz və qərəzli yanaşdığını, əsassız və qeyri-qanuni qərar qəbul etdiyini bildirsə də, bu məlumatlar böhtandan başqa bir şey deyil. Bu qeyri-qanuni hərəkətləri etməkdə M.Şahverdiyevin niyyəti və məqsədi işə baxan Hakim Ülkər Həsənovaya qarşı “qara piyar” kampaniyası başlatmaq, hakimin adını dəfələrlə hallandırmaqla onu mənfi səciyyələndirilən şəxs kimi qələmə vermək və barəsində böhtan xarakterli məlumatlar yaymaqla işə baxan və gələcəkdə baxacaq hakimlərə əvvəlcədən təsir və təzyiq etməkdir.
Belə ki, tərəflər arasında mübahisə hələ bitməyib və davam edir. Bu yolla M.Şahverdiyev həm Bakı Apellyasiya Məhkəməsinin hakimlərinə, həm də tərəflər arasında olan digər məhkəmə mübahisələrinə baxan hakimlərə onun xeyrinə qərar qəbul etməyəcəkləri halda onların da barəsində böhtan xarakterli məlumatları yaymaq yolu ilə onları ictimaiyyətin gözündə ləkələyəcəyini və adlarını müxtəlif şəkildə hallandıracağını göstərməklə hakimlərə təzyiq və təsir etmək niyyətindədir.
Onun müxtəlif müsahibələrdə, verilişlərdəki çıxışlarında və sosial media vasitəsilə canlı yayımda hakim Ülkər Həsənovanı təhqir etməsinə, "Cinemazadeh" şirkətinin təsisçisi və rəhbəri Cəfər Axundzadəni təhqir etməsi, cinayət tərkibli böhtanlar atmasına gəldikdə hesab edirik ki, hüquq mühafizə orqanları aktyorun bu qeyri-qanuni hərəkətlərinə müvafiq hüquqi qiymət verəcək və o, lazımi cəzasını alacaq. Çünki Azərbaycan Konstitusiyasına əsasən kimliyindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir”.