Premium kinoteatr “CinemaPlus Amburan”da açıq hava altında yay mövsümünün təntənəli açılışı keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Xalq artisti Həmidə Ömərova, Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev, Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, aktyor Nəsimi Mirzəyev və digər qonaqlar iştirak ediblər.
Tədbirdə gecənin baş sponsoru “Porsche” şirkəti filmin çəkilişlərinə cəlb olunmuş avtomobil modellərini nümayiş edirib. Gecə elmi-fantastik janrda çəkilən “Transformerlər: Vəhşi Botların Yüksəlişi” Amerika filminin nümayişi ilə başa çatıb.
Nəhəng transformer və avtomobillər izləyicilərin maraq mərkəzindəydilər. DJ-in lazer şousu, atəş və işıqla olan performans tədbirə xüsusi ab-hava verib.
Rejissorluğunu Stiven Keyl Jrin etdiyi filmdə rollarda Dominik Fişbek, Entoni Ramos, Pit Devidson, Kolman Dominqo, Piter Dinkleyc, Kristo Fernandes, Ron Perlman, Con Di Macio və Piter Kallen çəkilib.
“Transformerlər: Vəhşi Botların Yüksəlişi” - transformerlərin kino kainatının yeddinci filmi və Trevis Naytın “Bamblbi” filminin davamıdır. Yaradıcıların fikrincə, filmin süjeti Optimus Praim xarakterinə yönələcək və françayzanın hərəkəti 90-cı illərin əvvəllərində Nyu-Yorka köçürüləcək. Əsas personajlar - iki arxeoloq təsadüfən qədim sivilizasiya ilə əlaqə quraraq Maksimallar, Predakonlar və Terrorkonları dünyaya gətirir.
Tədbirin təşkilində Brand Media Groups, “Strafor” dekor şirkəti, "FRYDAY Burgers & Fries" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, Animator.az, ASgarden, “Hillside” premium çaxırları və Red Bull dəstək göstəriblər.
Film 3 dildə rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Transformerlər: Vəhşi Botların Yüksəlişi” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.