Bakıda “Characters” müasir dramaturgiya festivalı çərçivəsində Çili dramaturqu və rejissoru Pablo Manzinin “Barbarların yaşadığı yer” (“Donde Viven los Bárbaros”) pyesinin oxunuşu keçirilib.
“Report” xəbər verir ki, bu tədbir Çilinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
“Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan oxunuş CHARACTERS Müasir Dramaturgiya Festivalının Azərbaycanda müasir dramaturgiyanın populyarlaşdırılması və inkişafına yönəlmiş növbəti tədbirə çevrilib.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının və Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru Tural Mustafayevin quruluşunda Pablo Manzinin 2015-ci ildə yazdığı pyesinin oxunuşu həyata keçirilib.
Çili dramaturqunun pyesi Azərbaycan dilində təqdim olunub.
Qeyd edək ki, “Barbarların yaşadığı yer” pyesi müasir dünyada zorakılıq və qorxu mövzusunu, cəmiyyət daxilindəki sosial-siyasi fikir ayrılıqlarını gündəmə gətirir, miqrantların problemlərinə və gender kimliyinə toxunur. Oxunuşdan sonra yaradıcı heyətin və tamaşaçıların iştirakı ilə müzakirə aparılıb.