Gürcüstanda jurnalist fəaliyyətim dövründə bu ölkədə müsahibə almaq arzusunda olduğum şəxslərin siyahısında tanınmış gürcü aktyor Kaxi Kavsadze ön sıralarda idi. O, məşhur “Səhranın bəyaz günəşi” bədii filmində canlandırdığı baş qəhrəmanın barışmaz düşməni olan Qara Abdulla obrazı ilə uşaqlıqdan hafizəmə həkk olunmuşdu. Çox təəssüflər olsun ki, əfsanəvi aktyor bu gün dünyasını dəyişib.
Ötən ilin noyabrında Tbilisidə azərbaycanlı gənclərin yaratdığı “Era” teatrının Xalq artistimiz Cahangir Novruzovla təşkil etdiyi onlayn görüşə mən də qatılmışdım. Söhbət zamanı Azərbaycan filmlərində çəkilən gürcü aktyorlarla müsahibələr də hazırladığımı bildirəndən sonra C.Novruzov K.Kavsadzeyə salam çatdırmağımı xahiş etmişdi. O, gürcü aktyorla bağlı bir xatirəsini də bölüşmüşdü.
Cahangir müəllim gürcü aktyorla birgə rejissor Rezo Esadzenin 1975-ci ildə lentə aldığı “İlk baxışdan məhəbbət” komediya filmində epizodik rola çəkilib. K.Kavsadze isə bu filmdə azərbaycanlı Səlim obrazını yaradıb.
Filmin Rusiyada “Lenfilm” kinostudiyasında pavilyon çəkilişləri zamanı fasilədə C.Novruzov K.Kavsadze ilə söhbət edirmiş. Elə bu zaman Hollivudun əfsanəvi kino ulduzu Elizabet Teylor onu müşayiət edən şəxslərlə yaxınlıqdan keçir. O zaman aktrisa sovet ittifaqı və Amerikanın birgə istehsalı olan “Mavi quş” musiqili film-nağılda çəkilirmiş.
Hündürboylu K.Kavsadze ilk dəfə qarşılaşdığı bəstəboy amerikalı aktrisanı köhnə tanışı kimi qalın səsi ilə “Elizabet” deyib çağıraraq ona yaxınlaşır, qolları ilə yuxarı qaldırır və üzündən öpərək yerə qoyur. Dünya şöhrətli aktirsa və ətrafdakılar “bu kimdir?” deyə duruxub qalırlar. Elizabet və Kaxi daha sonra büfetdə şirin söhbət edən yerdə görünürlər. Amma təəccüblüsü o idi ki, nə Kaxi ingiliscə bilirdi, nə də Elizabet rusca. C.Novruzovun sözlərinə görə, bu, iki aktyorun səmimi və isti dialoquna heç də mane olmurdu.
İndi K.Kavsadzenin vəfatına C.Novruzovla yanaşı, Azərbaycanın kino xadimləri və kinosevərləri də dərindən kədərlənir. Mən isə kədərlə yanaşı yetişməyəcək salamın məyusluğunu da duyuram. Salamın yerinə gürcü aktyorun ruhuna dualarımı çatdırıram...
Yetişməyən salamın verdiyi dərs ondan ibarətdir ki, ən vacib işlərlə yanaşı arzuların da gerçəkləşdirilməsini sonraya saxlamaq olmaz. Arzuları cəsarətlə və çəkinmədən həyata keçirmək lazımdır. K.Kavsadzenin E.Teyloru tutaraq öpüb qucaqladığı kimi.
Sevimli və hörmətli Cahangir müəllim, salamınızı çatdıra bilmədim. Məni bağışlayın...