Bakı. 24 iyun. REPORT.AZ/ Bu ilin sonunda İçərişəhərdəki Cümə məscidinin minarəsinin konservasiya prosesi başa çatacaq.
Bu barədə "Report"a Avstriyanın "Atelier Pummer" şirkətinin rəhbəri Erix Pummer aparılan bərpa işləriylə əlaqədar danışarkən məlumat verib.
O xatırladıb ki, rəhbərlik etdiyi şirkət 2010-cu ildə Bakıda Məhəmməd məscidini bərpa edib, 2011-2013-cü illərdə Qız qalasının, 2014-2016-cı illərdə isə Bəylər məscidinin konservasiyası prosesini həyata keçirib.
E.Pummer, həmçinin tarixi obyektlərin qorunması üçün istifadə edilən texnikanın Avropada analoji işlər zamanı istifadə edilənlərlə eyni olduğunu bildirib: "Bizdə Avstriya və Azərbaycan mütəxəssislərinin birgə komandası işləyir. İşçilərin sayı işin xüsusiyyətləri, hava şəraiti və s. məqamlardan asılı olaraq dəyişir".
Avstriyalı mütəxəssis abidələrin və görməli yerlərin qorunması və bərpası üzrə 1964-cü ildə qəbul edilmiş Venesiya xartiyasına uyğun olaraq Azərbaycanda həyata keçirilən işlərin xüsusi ehtiyatla aparıldığını da əlavə edib.