Yuxarı

Braziliya parlamentində Azərbaycan mətbəxi təqdim olunub

Gələcəkdə Azərbaycan milli mətbəxinin təqdimatının parlamentdə keçirilməsi ilə bağlı səfirliyə müraciət edilib

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan mətbəxinin Braziliyada tanıdılması məqsədi ilə səfirlik Braziliya Milli Konqresində (parlamentində) Azərbaycan milli yeməklərinin təqdimatını keçirib. Bu barədə "Report"a Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, tanınmış aşpaz Ziya Şahbazov manqal salatı, qutab, şah plov, ləvəngi, paxlava və Azərbaycanın digər məhşur mətbəx nümunələrini hazırlayıb.

Tədbirdə Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, Braziliya Senatında Braziliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Prezidenti Kristovam Buarke, Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Prezidenti Klaudio Kajado və Braziliya parlamentinin çoxsaylı üzvləri iştirak ediblər.

Braziliyalı parlamentarlar Azərbaycan milli yeməkləri ilə tanış olduqdan sonra, milli mətbəxin zənginliyindən təəssüratlandıqlarını bildiriblər.

Tədbirin uğurunu nəzərə alaraq, Braziliya tərəfi gələcəkdə yenidən Azərbaycan milli mətbəxinin təqdimatının parlamentdə keçirilməsi ilə bağlı səfirliyə müraciət edib.

Tədbir keçirilən zalın qarşısında Azərbaycana həsr olunan banerlər quraşdırılıb və iştirakçılara ölkənin zəngin mədəniyyəti və mətbəxinə dair portuqal dilində jurnallar paylanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi