Bişkekdə Üzeyir Hacıbəylinin 140 illliyi münasibətilə simfonik konsert təqdim olunub

Bişkekdə Üzeyir Hacıbəylinin 140 illliyi münasibətilə simfonik konsert təqdim olunub Bişkekdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə təntənəli simfonik konsert təqdim olunub.
Mədəniyyət siyasəti
23 aprel 2025 20:58
Bişkekdə Üzeyir Hacıbəylinin 140 illliyi münasibətilə simfonik konsert təqdim olunub

Bişkekdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə təntənəli simfonik konsert təqdim olunub.

“Report”un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, konsert proqramı Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində baş tutub.

Qırğızıstan Akademik Dövlət Simfonik Orkestrinin müşayiətilə Azərbaycan incəsənət ustalarına drijor əməkdar artist Əyyub Quliyev rəhbərlik edib.

Gecədə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Müslüm Maqomayev kimi görkəmli bəstəkarlarımızın repertuarından parçalar səsləndirilib.

Eləcə də Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Telli ilə Vəlinin dueti” qırğız incəsənət ustaları Samira Mamatova və Murat Dervişaliyev tərəfindən ifa olunub.

Proqramda Moldobasanovun “Əmək rəqsi” də tamaşaçılara təqdim edilib.

Konsertin ardınca solistlər təəssüratlarını media nümayəndələri ilə bölüşüblər.

Əməkdar artist Xəyyam Mustafazadə ilk dəfə Qırğızıstan tamaşaçıları qarşısında Azərbaycanı təmsil etməkdən qürur duyduğunu bildirib.

“Azərbaycan musiqisi çox zəngin və qədim tarixə malikdir. Bu günlərdə isə qırğız xalqı qarşısında mədəniyyətimizi, musiqimizi təmsil edirik. Tamaşaçılar həm bizə, həm də musiqi mədəniyyətimizə çox yüksək qiymət verirlər ki, bu da şübhəsiz, bizi çox xoşbəxt edir”.

Əməkdar artist Nərgiz Kərimova da böyük məsuliyyət hiss etdiyini və bu gecə səhnədə olduğu üçün çox sevincli olduğunu deyib.

Solistlər Səidə Tağızadə və Fatimə Cəfərzadə də, öz növbələrində, qırğız tamaşaçılar tərəfindən Azərbaycan mədəniyyətinə göstərilən yüksək diqqətdən məmnunluqlarını ifadə ediblər.

Orphus sistemi