İyulun 7-də İçərişəhərdə növbəti açıq hava konserti keçiriləcək.
"Report" xəbər verir ki, dünyanın 400-dən çox şəhərində fəaliyyət göstərən “Sofar Sounds” beynəlxalq musiqi hərəkatı bu dəfə dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olacaq.
Qeyd edək ki, beynəlxalq səviyyədə baş tutan konsertlərdə bu günədək gənclər tərəfindən sevilən Ed Sheeran, Billie Eilish, Hozier, Türkiyənin məşhur simaları Mor və Ötesi qrupu, Kalben, Deniz Tekin, Ufuk Baydemir dinləyicilərin qarşısına çıxıb.
“Sofar Sounds Baku” sosial təşəbbüs olaraq həyata keçirilir və ölkəmizdə indiyədək tanınmış simalar-Rasim Müzəffərli, Şəhriyar İmanov, Cavan Zeynallı, Promete, Dihaj, Elvina, Vedad, Rapluvi The Half, Ahmedowsky Trio, DədəBaba, Darvish Band, AynaBand qrupu, Orxan Zeynallı, Ceyhun Səmədov kimi sevilən musiqiçilər, eləcə də istedadlı gənc ifaçılar burada çıxış edib.
2016-cı ildən bəri Azərbaycanda keçirilən bu konsertlərin əsas məqsədi istedadlı gənc ifaçılara dəstək olaraq onları dinləyicilərlə səmimi mühitdə görüşdürməkdir.