Beynəlxalq Muğam Mərkəzində "Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi" adlı xeyriyyə axşamı keçirilib.
"Report" xəbər verir ki, Huma Quşu Təhsilə Yardım Fondunun təşkil etdiyi tədbir rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq, xatirə fotosunun çəkilişi və Huma Quşu Fondunun prezidenti Șəhla Vəzirovanın çıxışı ilə başlayıb.
Şəhla Vəzirova Huma Quşu Fondun mahiyyətindən söz açaraq qeyd edib ki, Fondun iki illik fəaliyyəti dövründə 120 min manat məbləğində vəsait müxtəlif xeyriyyə işlərinə, eləcə də gənclərin təhsilinə xərclənib:
"Biz kiçik qrantlar layihəsi elan etmişdik, bu layihə çərçivəsində hər biri 2 500 manat olmaqla üç dəfə təqaüd elan olunub, növbəti təqaüd üçün son müraciət tarixi 25 dekabrdır. Yanvarın 2-dən yeni təqaüd proqramına başlanacaq ki, onun da məbləği 2 500 manat olacaq. Biz icra etdiyimiz bütün proqramların üzərində daha da təkmilləşdirmək üçün ciddi çalışırıq, çalışmağa da davam edəcəyik".
Fond rəhbəri qurumlarının ötən ilin noyabr ayından etibarən ianələr də qəbul etdiyini vurğulayıb:
"Ötən ilin noyabr ayından etibarən Fondumuza 56 468 manat ianə toplanıb və xeyriyyə üçün xərclənib. Hər bir ianəyə görə təşəkkür edirəm! Gələcəkdə də ianələr olarsa, biz onları qəbul etməyə hazırıq. Bugünkü tədbirimiz çərçivəsində rəsmlərin satışından əldə edilən vəsaitin 25 faizi də Fondun bazasına köçürüləcək və artıq üç əsər satılıb".
Daha sonra tanınmış caz ustası Salman Qəmbərov və "Bakustic Jazz" qrupunun ifasında konsert proqramı baş tutub.
Həmçinin xeyriyyə axşamının xüsusi qonaqları olan İlhamə Qasımova və Rövşən Qəhrəmanovun ifaları ilə zəngin sənət nümayişi olub.
Tədbir iştirakçıları arsında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri və Milli Məclisin üzvü Nizami Cəfərov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, fondun dəstəyi ilə ali və ixtisas təhsilini davam etdirən qazilər, tanınmış elm və mədəniyyət xadimləri, tələbələr yer alıblar.
Qeyd edək ki, Fond keçmiş xarici işlər naziri, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyevin qızı Humay Quliyevanın xatirəsini və Humay üçün vacib olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və başqa dəyərləri yaşatmaq məqsədi ilə yaradılıb. İki illik fəaliyyət dövrü ərzində həyata keçirdiyi proqramlar çərçivəsində 30-a yaxın qazi və tələbənin təhsilinə dəstək verib. Bugünkü xeyriyyə axşamının bilet və rəsmlərinin satışından əldə edilən vəsaitin də aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə sərf edilməsi nəzərdə tutulub.
Foto: Samirə Həsənova