"Bakı Ekspo Mərkəzində noyabrın 11-də açılışı olacaq IX Bakı Beynəlxalq Kitab Sərgisində 11 ölkədən 31 xarici təşkilat, 131 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək".
"Report" xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli sərgi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Xalq yazıçısı Afaq Məsud və tanınmış şair Şəhriyar Del Gerani sərginin fəxri yazarları seçilib: "Eyni zamanda 2019-cu il üzrə Buker mükafatının (Man Booker Prize for Fiction) laureatı Coxa əl-Harsi (Jokha Alharthi) tədbirin fəxri qonağı olacaq. Sərgidə həmçinin Azərbaycanın digər Xalq yazıçıları, şairləri, tanınmış gənc yazarları və məşhur xarici yazıçılar da iştirak edəcəklər".
Şöbə müdiri bildirib ki, noyabrın 15-dək davam edəcək sərginin fəxri qonaq ölkəsi Rusiyadır.
Xatırladaq ki, sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klasslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Sərgidə 5 gün ərzində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.