May ayının 6-7 tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 112-ci mövsümünün növbəti premyerası – "Bəxtiyar" musiqili komediyası nümayiş olunacaq.
Bu barədə "Report"a teatrdan məlumat verilib.
Bildirilib ki, görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan bu tamaşa Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib.
Tofiq Quliyevin 105 illik yubileyinə həsr olunan səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşlarda silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən "Bəxtiyar" filminin motivləri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.
Bəxtiyar obrazını teatrın gənc və istedadlı solistləri Şaban Cəfərov, İbrahim Əlizadə, Emil Zeynallı, Saşa obrazını isə Aydan Həsənova, Mehriban Zaliyeva və Nəzrin İsmayılzadə canlandırırlar.
Səhnə əsərində Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, Şövqi Hüseynov, Əkbər Əlizadə, Nadir Xasiyev, Nahidə Orucova, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Elçin İmanov, Rauf Babayev, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Elnarə Nağdəliyeva, Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasiyev, Firuz Məmmədov, Elxan İsmayılov, Hidayət Əliyev, Zaur Əliyev, Fərid Rzayev, Nigar Qarayeva, Murad Əliyev, Əli Kərimov, Nərmin Əliyeva, Adelin Öztürk, Mehriban Rəcəbova, Kübra Quliyeva, Ofeliya Məmmədova, Cəbrayıl Cəbrayılov və başqaları müxtəlif obrazlarda tamaşaçıların qarşısına çıxacaqlar.