Qaziantep və Azərbaycan mətbəxinin tanıdılması üçün birgə fəaliyyətlər icra edəcəyik.
Bunu "Report"un Türkiyə bürosuna Qaziantep vilayətinin Böyük Şəhər Bələdiyyəsinin sədri Fatma Şahin bildirib.
F.Şahin deyib ki, yaradıcılığı, tarixi və mədəni zənginliyi ilə tanınan Qaziantep həm də mətbəxi ilə 2015-ci ildən YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilən Türkiyənin ilk şəhərdir:
“Azərbaycan mətbəxindən də müxtəlif nümunələrin YUNESKO-nun siyahısında yer alması haqqında məlumatlarımız var. Türkiyə ilə Azərbaycanın ən müxtəlif sahələrdə sarsılmaz ittifaqı mövcuddur. Mətbəximizdə nədən olmasın? Bİz Türkiyə mətbəxləri arasında çeşidliliyinə görə ön sırada olan Qaziantep mətbəxinin Azərbaycanda, Azərbaycan mətbəxinin də bizdə tanıdılması üçün fəaliyyətlər həyata keçirəcəyik. Bununla əlaqədar rəsmi danışıqlarımız da olub. COP29 çərçivəsində Azərbaycana səfər edəcəyik. O zaman biz bu məsələlər haqda orada bir daha müzakirə aparacağıq. Gələnilki festivalımıza azərbaycanlı şef aşpaz qardaşlarımızı da mütləq dəvət etmək niyyətindəyik”.
Qeyd edək ki, Türkiyənin Mədəniyyət Nazirliyinin “Kültür Yolu” Festivalı çərçivəsində sentyabrın 14-dən 22-dək Qaziantep Qastranomiya Festivalı (QastroAntep) təşkil edilib.
Hər il dünyaca məşhur olan Qaziantep fıstığının toplanma mövsümündə keçirilən beynəlxalq festivalda bu dəfə İspaniya, İtaliya, Belçika, Yunanıstan və Böyük Britaniya kimi 5 fərqli ölkənin kulinariya mədəniyyəti və qastronomiya səfiri olan dünyaca məşhur, bir çox mükafatlara layiq görülmüş aşpazlar iştirak edirlər və mətbəx sahəsinin mütəxəssisləri müxtəlif seminarlar keçirirlər.
Çeşidli yemək şouları və "Yerli Aşpaz" yarışmalarının keçirildiyi tədbirdə, Türkiyənin məşhur otel və restoranlarında peşəkarlar, sərmayəçilər, milli və beynəlxalq qida şirkətləri, butik fermerlər, akademiklər, sənaye nümayəndələri və Türkiyənin məşhur aşpazları da yer alıb.
”QastroAntep” Kültür Yolu Festivalında Qaziantepin zəngin mədəni irsi və mətbəxi ilə yanaşı, Türkiyənin Emir Can İğrek, Simge, Bengü, Gökhan Türkmen, Murat Boz, Haluk Levent, Buray, Berkay və Dedublüman kimi tanınmış sənətçiləri konsert proqramları ilə musiqisevərlərə unudulmaz anlar yaşadırlar.