​Belçikada Xurşidbanu Natəvanın heykəli qoyulacaq

​Belçikada Xurşidbanu Natəvanın heykəli qoyulacaq Bu ölkənin Vaterloo şəhərində Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb
Mədəniyyət siyasəti
22 Yanvar , 2015 14:50
​Belçikada Xurşidbanu Natəvanın heykəli qoyulacaq

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin dəstəyi ilə “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən bu ölkənin Vaterloo şəhərində təşkil olunmuş Azərbaycanın gənc rəssamlarının sayca üçüncü sərgisinin açılış mərasimi keçirilib. Səfirlikdən "Report"a verilən məlumata görə, sərgidə 23 rəssam və bir heykəltəraşın 105 işi nümayiş olunur.

Sərginin açılış mərasimində çıxış edən səfir Fuad İsgəndərov Azərbaycanın dünyada qədim tarixə və mədəniyyətə malik olan bir ölkə kimi tanındığını vurğulayaraq, rəssamlıq sənətinə ölkədə daim yüksək qiymət verildiyini və bu gun bu irsin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Səfir bu kimi sərgilərin gənc azərbaycanlı istedadların üzə çıxması ilə yanaşı, Azərbaycana məxsus rəssamlıq dəst-xəttinin dünyada tanıdılmasına mühüm töhfə verdiyini qeyd edib.

Açılış mərasimində çıxış edən Vaterloo şəhər burqomistri Serge Kubla Azərbaycanlı gənc rəssamların sərgisinə ev sahibliyi etməkdən məmnun olduqlarını diqqətə çatdıraraq, Azərbaycan səfirliyinin təşəbbüsü ilə yaxın zamanlarda Vaterloo şəhər parkında Şərq dünyasının ədib və şairəsi, eyni zamanda, rəssam olmuş Xurşidbanu Natəvanın 2,4 metr hündürlüyündə bürüncdən heykəlinin qoyulacağını da rəsmən elan edib.

Açılış mərasimində Belçika ictimaiyyətinin nümayəndələri, Belçikada akkreditə olunmuş diplomatik korpusun üzvləri, Avropa İttifaqının müxtəlif qurumlarının əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Sərgi fevralın 21-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi