BDU-da “Mir Həmzə Qarabaği” beynəlxalq simpoziumu keçirilib

BDU-da “Mir Həmzə Qarabaği” beynəlxalq simpoziumu keçirilib Bakı Dövlət Universitetində (BDU) Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, sufi şairi, təsəvvüf alimi, nəqşibəndi şeyxi Mir Həmzə Mir Paşa oğlu Qarabaği Nigarinin fəlsəfəsinə və yaradıcılığına həsr olunmuş beynəlxalq simpozium keçirilib.
Mədəniyyət siyasəti
3 Oktyabr , 2021 11:32
BDU-da “Mir Həmzə Qarabaği” beynəlxalq simpoziumu keçirilib

Bakı Dövlət Universitetində (BDU) Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, sufi şairi, təsəvvüf alimi, nəqşibəndi şeyxi Mir Həmzə Mir Paşa oğlu Qarabaği Nigarinin fəlsəfəsinə və yaradıcılığına həsr olunmuş beynəlxalq simpozium keçirilib.

"Report" xəbər verir ki, BDU və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) birgə təşkilatçılığı ilə keçirilən simpoziumda Türkiyə və Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, mədəniyyət, ictimai xadimlər, BDU-nun müəllim və tələbələri iştirak edib.

Simpozium Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun rektoru Elçin Babayev giriş sözü ilə çıxış edərək XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mir Həmzə Nigarinin poeziyası və fəlsəfəsindən bəhs edib. Qeyd edib ki, onun Vətən eşqi, Vətənə bağlılığı Qarabağa həsr etdiyi şeirlərində daha qabarıq ifadə olunur. Qarabağın Şərqi Zəngəzur bölgəsində doğulan, lakin sonralar doğma yurdunu tərk edərək qardaş Türkiyədə məskunlaşmaq məcburiyyətində qalan Mir Həmzə Nigari əsərlərində öz yurduna həsrət və sevgisini daim ifadə edib.

“Qara bağrım Qarabağımdır” deyən, “Qarabağdan xəbər versə” küləklərə canını qurban etməyə hazır olan Nigari oranı dünyanın behişti adlandırır. Təsadüfi deyil ki, insanlar Qarabağ torpaqlarının işğal altında olduğu dövrlərdə bu şeirlərlə təsəlli tapıb, öz həsrətlərini ovundurmağa çalışıblar. Həm Azərbaycanda, həm də Türkiyədə tələbələr yetişdirən, gənc nəslin elmin sirlərinə yiyəyələnməsi üçün çalışan, həm də gözəl poetik nümunələr yaradan mütəfəkkir şair iki qardaş ölkə arasında hələ o dövrdə mənəvi bağlılıq yaradan simalardandır.

TADİV-in sədri, Türkiyə Respublikasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar çıxış edərək Seyid Nigarinin həyat və yaradıcılığı, fəlsəfəsi haqqında ətraflı məlumat verib.

Plenar iclasda Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Mir Həmzə Seyid Nigari Qarabaği nəslinin davamçısı Mir Sədi Məmmədoğlunun çıxış ediblər. Plenar məruzə ilə Xalq şairi Nəriman Həsənzadə çıxış edib.

Bədii hissədə BDU tələbələrinin ifasında Mir Həmzə Seyid Nigari Qarabağinin divanından nümunələr səsləndirilib.

Beynəlxalq simpozium iki bölmədə fəaliyyətini davam etdirib. Bölmə iclaslarında Mir Həmzə Qarabaği Nigarinin yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş elmi məruzələr dinlənilib.

Beynəlxalq simpozium Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Mir Həmzə Seyid Nigari Qarabağiyə həsr olunmuş konsert proqramı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi