Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində yoqa təlimi keçirilib.
“Report” xəbər verir ki, tədbir Hindistan İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Hindistanın gənclər və idman naziri Sujata Çaturvedi, səfirlik əməkdaşları və yoqa həvəskaları iştirak ediblər.
Yoqa təlimini “Art of living” beynəlxalq təşkilatının rəhbəri Kənan Məmmədov keçib.
Xatırladaq ki, Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçirilir. Konfrans öz işini iyunun 29-dək davam etdirəcək. Tədbirdə 124 ölkədən və beynəlxalq təşkilatlardan 50-dən çox nazir və yüksək vəzifəli məmur, 540-dan çox xarici nümayəndə iştirak edir.
Konfransın yekunlarına əsasən, UNESCO-nun idman təşəbbüsü olan eyniadlı layihənin davamı olaraq “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yaxşılaşdırılması, COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması və fiziki passivliyin azaldılması strategiyasının hazırlanmasıdır.
FOTO Cavid Osmanov