Yuxarı

Bakıda TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin V iclası keçiriləcək

Tədbir çərçivəsində mədəni və təbii, qeyri-maddi mədəni irs, təhsil və dünya yaddaşı proqramı üzrə dəyirmi masaların keçirilməsi planlaşdırılır

Bakı. 17 dekabr. REPORT.AZ/ Dekabrın 18-19-da Bakıda TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin ənənəvi V iclası keçiriləcək. 

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunub.

İclasın keçirilməsində məqsəd türkdilli ölkələrin YUNESKO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların YUNESKO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.

Tədbir çərçivəsində mədəni və təbii irs, qeyri-maddi mədəni irs, təhsil və dünya yaddaşı proqramı üzrə dörd dəyirmi masanın keçirilməsi planlaşdırılır.

İclasda Azərbaycan hökumətinin nümayəndələri, YUNESKO və TÜRKSOY təşkilatlarının rəsmiləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKPA, Beynəlxalq Türk Akademiyasının rəhbərləri, YUNESKO üzrə Milli Komissiya və Komitələrin baş katib və nümayəndələri, mədəniyyət, elm, təhsil, informasiya və kommunikasiya texnologiyaları və YUNESKO-nun fəaliyyət sahəsinə daxil olan digər istiqamətlər üzrə vəzifəli şəxslərin və mütəxəssislərin iştirakı nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi