Bakıda “Türkiyədə Azərbaycan izləri” sənədli filmi təqdim olunub

Bakıda “Türkiyədə Azərbaycan izləri” sənədli filmi təqdim olunub Qərbi Azərbaycan türklərindən və onların yurd həsrətindən bəhs edən “Türkiyədə Azərbaycan izləri” sənədli filmi təqdim olunub.
Mədəniyyət siyasəti
15 Fevral , 2024 13:27
Bakıda “Türkiyədə Azərbaycan izləri” sənədli filmi təqdim olunub

Qərbi Azərbaycan türklərindən və onların yurd həsrətindən bəhs edən “Türkiyədə Azərbaycan izləri” sənədli filmi təqdim olunub.

"Report"un məlumatına görə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin Gənclər Fondunun dəstəyi ilə hazırladığı film qərbi azərbaycanlıların öz torpaqlarından zorla köçürülməsi haqqında tarixi faktları əks etdirir.

Filmin təqdimat mərasimində iştirak edən deputat, ictimaiyyət və media nümayəndələri, tarixçilər və gənclər mövzu ətrafında fikirlərini bölüşüblər.

Qərbi azərbaycanlı ziyalılar və tarixçilər gəncləri həmin dövrün acı tarixi haqqında məlumatlandırıb, sənədli faktları açıqlayıblar.

Tədbiri giriş sözü ilə açan “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natavan Abbaslı ekran işinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Gənclər Fonduna təşəkkürünü bildirib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə gerçəkləşən Qarabağ Zəfəri hər birimizin içindəki Qərbi Azərbaycan atəşini yenidən alovlandırdı. Bizim yenidən Rəvandan Zəngəzura qədər o torpaqlara qayıda biləcəyimiz ümidini oyandırdı ki, bunun xəyalı belə gözəldir. Və biz artıq o xəyalın gerçək olacağına inanırıq. Filmimiz də bu həsrətdən bəhs edir”.

Layihə rəhbəri Aqil Ələsgər filmlə bağlı fikirlərini bölüşüb: “Cənab Prezident, Müzəffər Ali Baş Komandanın 30 illik Qarabağ həsrətinə son verməsi Azərbaycan xalqının qələbə ruhunu özünə qaytardı. Bu zəfər bizim üçün digər zəfərlərin də mündəricatı sayıla bilər. Hesab edirik ki, öz dədə-baba torpaqlarımızda qədim Azərbaycan torpaqlarını birləşdirmək, o torpaqlara qayıtmaq bizim ən təbii haqqımızdır. Bu baxımdan, İrəvan, Göyçə, Zəngəzur bizim üçün bir xəyal deyil, bir hədəfdir. Hesab edirik ki, filmdə bu yurd həsrəti ilə dünyasını dəyişən, harada olmalarından asılı olmayaraq məzarları qədim Qərbi Azərbaycan torpaqlarına tərəf basdırılan insanların həyatından bəhs edir. Bu filmdə Türkiyədə yaşayan, orada Cümhuriyyətin qurulmasında və inkişafında xidmətləri olan azərbaycanlılarla bağlı məlumatlara yer vermişik. Onların cəmiyyətdə tanınması üçün bu işi həyata keçirmişik. Çünki bu insanlar həm Qurtuluş savaşında qəhrəmanlıq göstərən, həm də cümhuriyyətin təməllərini Mustafa Kamalla birgə atan insanlardır”.

Tədbirdə iştirak edən Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov filmlə bağlı təəssüratlarını bölüşüb: “Tarixi faktlara əsaslanan və gələcəkdə türk dünyasında akademik araşdırma kimi istinad mənbəyi olan bir sənədli filmin nümayişini izlədik. Qürürverici haldır ki, Azərbaycan Gənclər Fondu bu layihənin ərsəyə gəlməsi üçün “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinə maliyyə vəsaiti ayırıb. Sevindirici haldır ki, tamaşaçılar arasında gənclər üstünlük təşkil edir”.

Deputat Hikmət Babaoğlu belə bir sənədli filmin ərsəyə gəlməsində layihə rəhbərinə minnətdarlığını ifadə edib:
“Allaha şükürlər olsun ki, Azərbaycan Prezidenti və "dəmir yumruq" sayəsində qaçhaqaçdan da, qaçqınlıqdan da qurtulduq, indi köç geri qayıdır. Azərbaycan Prezidenti andiçmə mərasimindəki çıxışında tarixi mesajlar verdi. Cənab Prezident çıxışının sonunda belə bir fikir səsləndirdi ki, bizim ailəmiz türk dünyasıdır. Bu gün Qərbi azərbaycanlılar türk dünyasının müxtəlif bölgələrinə səpələniblər. Elə iki babamdan biri Qazaxıstana sürgün olunub. Sonra 1952-ci ildə kəndimizə qayıdıb”.

Deputat Naqif Həmzəyev Azərbaycanın tarixi günlər yaşadığını vurğulayıb. O qeyd edib ki, xalq ard-arda sevindirici xəbərlər alır: “Bu da bizim 44 günlük Vətən savaşından sonra qazandığımız zəfərlə əlaqədardır. Zəfər zəfər gətirir. Bu gün artıq Qərbi Azərbaycana getməyin yollarını axtarırıq. Özü də döyüşərək yox, sülh yolu ilə”.

Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı da layihənin ərsəyə gəlməsindən danışıb, Bildirib ki, uzun müddət bu mövzuya müraciət olunmayıb. Prezident İlham Əliyevin Qərbi azərbaycanlılara ayırdığı diqqətdən sonra Azərbaycanın ictimai, siyasi həyatında araşdırılmalar başlandı və bu mövzuya çox ciddi şəkildə diqqət ayrıldı.

Son xəbərlər

Orphus sistemi