Azərbaycanın və Özbəkistan birgə təşkilatçılığı ilə Bakıda türk ölkələrinin qadın sənətkarlarının beynəlxalq sərgi-yarmarkası keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Özbəkistanın "Dunya” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə Özbəkistan səfirliyinin dəstəyi ilə “Xünərmand” (İncəsənət) Assosiasiyasının Namanqan bölgəsi üzrə şöbəsinin müdiri Zohidjon Vəliyev və Azərbaycan Qadınlar Assosiasiyasının icraçı direktoru Roza Zərif arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması məqsədilə onlayn danışıqlar aparılıb.
Məlumata görə, tərəflər Özbəkistan və Azərbaycan sənətkarları arasında sıx əməkdaşlığın qurulmasının dövlətlərarası əlaqələrin, o cümlədən mədəni-humanitar mübadilə sahələrində gələcək inkişaf dinamikasına müsbət təsir edəcəyini təsdiqləyiblər. Onlar öz fikirlərini iki qardaş xalqın qədim və orijinal tarixi, mədəniyyəti və adət-ənənələri ilə dəstəkləyiblər.
Vurğulanıb ki, danışıqlar nəticəsində tərəflər aprelin əvvəlində Bakıda türk ölkələrinin qadın sənətkarlarının beynəlxalq əl işləri sərgi-yarmarkasının birgə hazırlanması və keçirilməsi barədə razılığa gəliblər.