Bakı. 20 iyun. REPORT.AZ/ Bakıda Axundov adına Milli Kitabxanada Rumıniyanın Böyük Birliyinin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb.
"Report" xəbər verir ki, Buxarestdəki Katroçeni muzeyi tərəfindən təşkil olunub.
Sərginin açılışında çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Yanku bu ilin Azərbaycan və Rumıniya üçün çox əlamətdar olduğunu bildirib: "Bu il Rumıniya birləşməsinin, kimliyinin müəyyənləşməsinin, Azərbaycan isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edir".
Kotroçeni muzeyinin direktorunun sözlərinə görə, sərgi əsasən Rumıniyanın birləşməsində böyük rol oynamış kral Ferdinanda və kraliça Mariyaya həsr olunub.
"Bu sərgi sülh, dostluq və əməkdaşlıq təcəssümüdür. Bu, həmçinin Rumıniyanın tarixi, mədəniyyəti və arxitekturasını əks etdirir", - o qeyd edib.
Milli Məclisin deputatı, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva iki ölkə arasındakı sıx əlaqələrin olduğunu vurğulayıb.
"Azərbaycan və Rumıniya strateji tərəfdaşlardır, ölkələri bir-birinə çoxəsrlik əlaqələr bağlayır. Bu sərgi münasibətlərimizin möhkəmləndirilməsi və Rumıniya haqqında məlumatların Azərbaycan ictimaiyyətinə çatdırılması baxımından vacibdir", - deputat bildirib.
Qeyd edək ki, sərgi iyulun 10-dək davam edəcək.