Bakıda ukraynalı rejissor Mstislav Çernovun “Mariupolda 20 gün” sənədli filminin nümayişi keçirilib.
“Report” xəbər verir ki, tədbir Ukrayna və ABŞ-nin Azərbaycandakı səfirlikləri tərəfindən birgə təşkil edilib.
“Bu gün müharibənin bütün dəhşətlərini işıqlandıran tədbirdə iştirak edirik. Bizə qoşulan hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Bu tədbirin təşkilində göstərdiyi təşəbbüsə görə ABŞ səfirinə xüsusi təşəkkür düşür. Bildiyiniz kimi, ölkəm çox çətin dövrlərdən keçir. Ukraynalılar üçün hər gün, hər dəqiqə uşaqların həyatı, varlığı və gələcəyi uğrunda mübarizə gedir”, - Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski tədbirin açılışında deyib.
Onun sözlərinə görə, Mariupol haqqında film müharibənin nəticələrinin yalnız kiçik bir hissəsini əks etdirir.
Öz növbəsində, ABŞ-nin ölkəmizdəki səfiri Mark Libbi Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib.
“Ukrayna xalqına göstərdiyi mühüm humanitar yardıma görə Azərbaycana minnətdarlığımı bildirirəm. Ukraynanın çətin dövründə ona dəstək olan digər ölkələrin bütün nümayəndələrinə də minnətdarlığımı bildirirəm. Bu gün biz mavi-qızılı rəngli bayrağının cəsarət və birlik rəmzi olan Ukraynanın azadlıqsevər xalqını dəstəkləməyə sadiq olduğumuzu təsdiq edirik”, - diplomat vurğulayıb.