Bakıda macar türkoloq İştvan Mandokinin 80 illiyi qeyd edilib

Bakıda macar türkoloq İştvan Mandokinin 80 illiyi qeyd edilib Bakıda Macarıstanın nüfuzlu türkoloqlarından olan və bu il 80 illiyi qeyd edilən İştvan Mandokiyə həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət siyasəti
24 Oktyabr , 2024 14:02
Bakıda macar türkoloq İştvan Mandokinin 80 illiyi qeyd edilib

Bakıda Macarıstanın nüfuzlu türkoloqlarından olan və bu il 80 illiyi qeyd edilən İştvan Mandokiyə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondu və Macarıstanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndələri, Türk dövlətlərinin Azərbaycandakı səfirləri və diplomatları, eləcə də elmi dairələrin təmsilçiləri və ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova təşkilatın müşahidəçi dövləti olan Macarıstanın dilçilik və etnoqrafiya sahəsində tanınmış alimi Mandokinin nailiyyətlərindən bəhs edib, alimin ömrünü əsasən Türk xalqlarının mədəniyyətinin, dilinin və tarixinin araşdırılmasına həsr etdiyini bildirib.

Aktotı Raimkulova Mandokinin türkologiyanın inkişafına verdiyi töhfələr sayəsində bir körpü yaratdığını bildirərək öz elmi əsərləri ilə macar-türk dostluğunu möhkəmləndirdiyini vurğulayıb.

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma tədbirdə çıxış edərək Türk dövlətləri ilə qarşılıqlı əlaqələrin ölkəsi üçün önəm daşıdığını vurğulayıb. Səfir Macarıstanın 2018-ci ildə Türk Dövləltəri Təşkilatına müşahidəçi qismində qatıldığını bildirib. O, Macarıstan türkoloqlarının Türk dünyasına dair vacib araşdırmalar yürütdüyünü qeyd edib.

Tamaş Yojef Torma tədbirin yüksək səviyyədə təşkil olunmasına və səmərəli əməkdaşlığa görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirib.

Tədbirdə Azərbaycanda səfərdə olan Macarıstanın tanınmış türkoloqu, Macarıstan Elmlər Akademiyasının üzvü Devid Somfai Kara və Macarıstan İrs Evinin tədqiqatçısı Gergeli Agoqs Mandokinin həyat və yaradıcılığı, eləcə də Kıpçak-Türk-Macar əlaqələrinə həsr olunmuş təqdimatlarla çıxış ediblər.

Onların tədqiqatları barədə vodeogörüntülər nümayiş olunub.

Tədbirdə Özbəkistanın və Qırğızıstanın Azərbaycandakı səfirləri Bahrom Aşrafxanov və Maksat Mamıtkanov, Azərbaycanın görkəmli dövlət xadimi, Macarıstan-Azərbaycan əlaqələrinə töhfələr vermiş Həsən Həsənov, AMEA Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli çıxış edərək türk birliyində Macarıstanın yeri, Türk dövlətlərinin qarşılıqlı əlaqələrinin inkişafına verilən töhfələr barədə fikir bildiriblər.

Musiqi nömrələri ilə davam edən tədbir çay süfrəsində maraqlı, polemik söhbətlərlə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi