Bakıda keçirilən möhtəşəm “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı oktyabrın 8-də başa çatıb.
“Report” xəbər verir ki, Azərbaycanda ilk dəfə keçirilən festival yaddaşlarda silinməz iz buraxıb.
Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə təşkil olunub.
Üç gün davam edən festivalda yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra, bədii yoqa, meditasiya təcrübələri, bədənyönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik ustad dərsləri, art-terapiya, terapevtik qrup məşqləri, qrup sağlamlıq və həyat kouçluğu təlimləri keçirilib.
Tədbirdə dörd hedlayner ilə yanaşı, Azərbaycanın, həmçinin dünyanın ən peşəkar mütəxəssislərinin ustad dərsləri də keçirilib.
Festival iştirakçıları təlimlərdə iştirak edərək faydalı məlumatlar əldə ediblər. Tədbirə xaricdən gələn turistlər də qatılıb. Tədbir iştirakçıları ilk dəfə keçirilən festivaldan razı qaldıqlarını deyiblər.
“Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzinin ANSA təhsil platforması ilə birgə keçirdiyi festival gözləri bağlı oturan, bütün 9 hissin təcrübəsini yaşayan tamaşaçılar üçün “Qaranlıqda teatr” adlı səsli tamaşa və “Event Hall Seabreeze”də musiqi proqramı ilə başa çatıb.