Bakı. 8 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iyulun 9-10-da Bakıda "Sea Breeze" İstirahət mərkəzində ilk dəfə JARA Beynəlxalq musiqili yay festivalı keçiriləcək.
Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, festival günlərində Rusiya estradasının ən parlaq ulduzlarının iştirakı gözlənilir. Festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqoriy Leps və Russkoye Radio-nun yaradıcısı, "Zolotoy Qrammafon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Tədbirin həm Rusiya, həm də Azərbaycan televiziyasında yayımlanması planlaşdırılır. Festivalın ulduzlu qonaqları arasında Valeriy Meladze, Nyuşa, Qriqoriy Leps, A-studio, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, EMİN, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza, IOWA və digərləri var.
Festivalda həmçinin, Zülfiyyə Xanbabayeva və "Rast" qrupunun iştirakı da nəzərdə tutulur. Beynəlxalq JARA festivalının hər il keçiriləcəyi və musiqi aləmində parlaq mədəni hadisəyə çevriləcəyi planlaşdırılır.