Bakıda hindistanlı yoqin guru və mistik Sadhquru ilə interaktiv mühazirə keçirilib.
“Report” xəbər verir ki, tədbir Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna açılış çıxışında bildirib ki, tədbirin əsas məqsədi Sadhqurunun iqlim dəyişikliyi haqqında danışacağı “torpağı qoruyaq” təşəbbüsündən danışmaqdır.
“Sadhqurunun Bakıya səfəri Hindistanın mədəniyyətini və dəyərlərini daha yaxşı başa düşməyə imkan verəcək və Hindistanın Azərbaycan xalqı ilə əlaqələrini gücləndirmək üçün əla fürsətdir”, - o deyib.
“Torpağı qoruyaq” hərəkatı davamlı sülh üçün qlobal təşəbbüsdür.
Sadhuru bizi mühüm məsələlər, bəşəriyyətin aktual problemləri haqqında düşünməyə vadar edəcək. Lakin Sadhqurunu bura gətirən əsas səbəb Yer kürəsini xilas etməkdir”, - o əlavə edib.
Sadhquru qonaqlar qarşısında mühazirə oxuyub və ətraf mühitin mühafizəsi üçün dünyanın hər yerindən insanları birləşdirmək, bütün ölkələrin liderlərini milli siyasət və tədbirlərin hazırlanmasında dəstəkləməyə çağırmaq, becərilən torpaqda üzvi maddələrin tərkibinin artırılması ilə bağlı missiyasından danışıb.
Sadhquru özünü planetdəki bütün insanların fiziki, əqli və mənəvi rifahının yaxşılaşdırılmasına həsr edib. O, Ümumdünya Sülh Sammiti, Birləşmiş Millətlər Təşkilatı, Davos Beynəlxalq İqtisadi Forumu, TED konfransı və dünyanın müxtəlif universitetlərində mötəbər beynəlxalq forumların qonağı olur.