Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi 2022-ci ilin mart ayının 1-dən 18-dək Bakıda “FantazEU” adlı mədəni irs festivalı təşkil edəcək.
Bu barədə "Report"a Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, “FantazEU Festivalı” Avropa və Azərbaycan mədəni irsi arasında əlaqəni nümayiş etdirmək, Azərbaycanda Avropa mədəni irsinə xüsusi diqqət yetirməklə, Avropa mədəni müxtəlifliyini təşviq etmək məqsədi daşıyır.
FantazEU Festivalı Avropa İttifaqına üzv dövlətlərin tərəfdaşlığı ilə, Almaniya, Belçika, Bolqarıstan, Çexiya, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Polşa, Slovakiya və Yunanıstan fəal iştirakı ilə təşkil olunacaq.
Festival çərçivəsində, bir sıra qapalı və açıq havada foto sərgilər, konsertlər, ədəbiyyat gecələri, seminarlar, film nümayişləri və bələdçi turlar təşkil olunacaq.
Festival Bakının müxtəlif mədəni və təhsil məkanlarında, o cümlədən Beynəlxalq Muğam Mərkəzi, ADA Universiteti, “Nizami” kinoteatrı, Bakı Kitab Mərkəzi, Art Tower Qalereyası, “The Landmark” mehmanxanası və Biznes Mərkəzində baş tutacaq.
Qeyd edək ki, FantazEU Festivalı 2018-ci ildən Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil edilən Fantazia Mədəni İrs Festivalının davamıdır. Festival öz adını 19-cu əsrin sonlarında Bakıda tikilmiş və Avropa və yerli memarlıq elementlərini bir araya gətirən “Fantazia” hamamından almışdır.