Bakıda Azərbaycan və Portuqaliya musiqiçiləri etnik konsertlə çıxış ediblər

Bakıda Azərbaycan və Portuqaliya musiqiçiləri etnik konsertlə çıxış ediblər Konsertdə Azərbaycan xalq mahnılarının Portuqaliya etnik musiqisi ilə sintezi səsləndirilib
Mədəniyyət siyasəti
19 Dekabr , 2016 12:15
Bakıda Azərbaycan və Portuqaliya musiqiçiləri etnik konsertlə çıxış ediblər

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Portuqaliya musiqiçilərinin etnik musiqi parçalarından ibarət konsert proqramı baş tutub. "Report" xəbər verir ki, Azərbaycanın “Muğam Trio” qrupu və portuqaliyalı musiqiçilər Helder Koşta, Andre No, Daniel Perreyra Krişto "Musiqi dalğaları" ("Sound Wave") adlı konsert proqramı ilə çıxış ediblər.

"JTI" (Japan Tobacco International) şirkəti, Beynəlxalq Muğam Mərkəzi, Portuqaliyanın Azərbaycandakı səfirliyi və İtaliya Mərkəzinin (Centro İtaliano) təşkilatçılığı ilə keçirilən musiqi gecəsində mədəniyyət və incəsənət sahəsinin nümayəndələri, Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili, diplomatik korpusun təmsilçiləri, o cümlədən Azərbaycan muğamı və Portuqaliya musiqisini sevənləri iştirak ediblər.

Konsert proqramının açılışında çıxış edən Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Joao Lopeş Kardozo (Maria Joao Lopes Cardoso) qonaqları salamalayaraq bildirib ki, bu, portuqaliyalı musiqiçilərinin Azərbaycanda il ərzində üçüncü konsert proqramıdır.

"Bu gün sizə daha qədim folklor musiqisi təqdim olunacaq. Konsert zamanı Portuqaliya musiqisi və müasir incəsənətini görəcəksiz. İnanırıq ki, musiqi və mədəniyyət insanlar arasında beynəlxalq dildir. Bu gün diqqət yetirsəz, qarşınızda Portuqaliya ruhunu görəcəksiz. Konsertdə Azərbaycan və Portuqaliya musiqiçilərinin xüsusi və ilk musiqi təcrübəsi reallaşacaq. Bu gün bizimlə olduğunuz üçün hər birinizə təşəkkür edirəm", - deyə M.Kardozo bildirib.

Qeyd edək ki, musiqili gecədə ümumilikdə 10-a yaxın Azərbaycan və Portuqaliya milli folklor mahnıları səslənib. "Muğam Trio” qrupunda xanəndə Kamilə Nəbiyeva, tarzən Fikrət Verdiyev və kamança ifaçısı Şəhriyar Musayev çıxış ediblər.

Anşlaqla keçən konsertdə "Qaragilə", "Dağlarda duman gözəldir", "Aman tello", "Ay qara qız", "Ay dilbər" Azərbaycan xalq mahnılarının Portuqaliya etnik musiqisi ilə sintezi səsləndirilib.

Son xəbərlər

Orphus sistemi